Mart ayının ikinci on günlüyündə Mil-Muğan bölgəsində müşahidə olunan intensiv yağıntılar pambıq sahələrində səpin işlərini ləngidib.
Biləsuvarda qarğıdalı sahələri - İKİ DƏFƏ ARTIB
FED.az xəbər verir ki, pambıqçılıq sahəsinin daha geniş yayıldığı Mil-Muğan bölgəsində pambıq səpininə hazırlıq görülür. İmişli Dövlət Aqrar İnikişaf Mərkəzinin bitkçilik sektorunun müdiri Seymur Əsədov bildirib ki, rayonda bu il 6 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub: “Bu günə kimi rayon ərazisində fəaliyyət göstərən şirkətlərlə 700-dən çox fermer arasında 6643 hektar sahənin əkilməsi üçün müqavilə bağlanılıb. Birinci şum yekunlaşıb, ikinci şum işləri isə 60 faiz yerinə yetirilib. Son günlər bölgədə müşahidə olunan intensiv yağıntılar ikinci şum işlərini ləngitsə də, bu, pambıq sahələrinə zərər vurmur. Yağıntılar əsasən məhsuldarlığa yığım vaxtı təsir edə bilər ki, bu hal da ötən təsərrüfat ilində olub. Belə ki, rayonda məhsuldarlıq aşağı düşdüyü üçün hər hektara 24,6 sentner məhsul götürülüb”.
Onun sözlərinə görə, havanın temperaturu 20 dərəcədən yüksək olanda - aprel ayının birinci on günlüyündən sonra səpin aparılması planlaşdırılır.
Fermer Yəhya Əhmədov da pambıq əkən fermerlərdəndir. Ötən illə nisbətdə bu il əkin sahələrini iki dəfə genişləndirib və məqsədi 50 hektardan bol məhsul götürməkdir. “Ötən il bu vaxtı ikinci şum işləri başa çatmışdı, bu il mart ayında müşahidə olunan yağıntılar işlərin gedişatını 10 günə qədər ləngidib. Buna baxmayaraq, aprelin əvvəlindən başlayan əlverişli hava işlərimizi davam etdirməyə imkan yaradıb. Ötən ilə nisbətən bu il səpin işi 10 gün gecikəcək, amma bu, məhsuldarlığa təsir edəcək amil deyil”, - deyə o bildirib.
Ötən il hər hektardan 50 sentner məhsul əldə edən fermer Namiq Fərzəliyev isə işlərin qaydasında olduğunu deyir. Bildirir ki, ötən il may ayında əkin apardığı sahələrdən oktyabr ayında bol məhsul əldə edib. Elə bu məqsədlə cari ildə əkin sahəsini bir qədər də genişləndirib. Deyir ki, su qıtlığı olduğu bir zamanda belə yağıntıların əkin sahələri üçün faydası çoxdur: “Qış şumundan çıxan sahələri əsasən mart ayında ikinci dəfə şumlayırıq. Lakin yağışlar işləri ləngitdi, artıq havalar istiləşib və ikinci şum üçün əlverişli imkan yaranıb. İkinci şumdan sonra mala çəkib səpin aparacağıq". (Azərtac)