Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu öldkədə ilk dəfə olaraq dəvəçilik təsərrüfatının inkişafı üçün «Fədək Azərbaycan» MMC şirkətinə 500 min manat güzəştli kredlit ayırıb.
Dəvəçiliyin inkişafı üçün yarım milyon manat - KREDİT AYRILIB
FED.az xəbər verir ki, artıq təsərrüfat bu kredit təyinatı üzrə xərcləyib və onun qaytarılmasına başlayıb.
Hacıqabul rayonunda yerləşən dəvəçilik təsərrüfatı bir neçə il əvvəl yaradılıb. Ümumiyyətlə ölkədə dəvəçilik təsərrüfatlarının sayı çox deyil, bu sahədə cəmi 3-4 təsərrüfat var.
«Fədək Azərbaycan» MMC-nin rəhbəri Məhərrəm Rəhimov FED.az-a bildirib ki, ölkədə dəvə ətinə tələbat hər il artır, artıq təkcə Bakıda deyil, ölokənin başqa ərazilərində də restoranlarda dəvə ətindən istifadə edilir.
2020-ci ildə, yəni güzəştli kredit ayrılan zaman təsərrüfatda 40-50 dəvə olub. Ayrılmış 500 min manatlıq güzəştli kreditin 399 min manatı yeni dəvələrin alınmasına xərclənib və təsərrüfata 90-dan artıq dəvə alınıb və heyvanların sayı 150-yə çatdırılıb. Hazırda burada 160-a yaxın dəvə var.
Təsərüfatda əsasən Qafqaz dəvələri yetişdirilir.
Dəvələr 100 hektara yaxın ərazisi olan təsərrüfatda bəslənilir, böyük ərazi olmasa belə təsərrüfatı saxlamaq olmaz.
«Fədək-Azərbaycan»ın rəhbəri bildirir ki, ölkədə dəvə təsərrüfatı çox olmadığına görə, hətta Sahibkarlığın İnkişafı Fondunda bu təsərrüfatla bağlı müraciəti görüb təəccübləniblər: «Bildiyim qədər ilk dəfədir ki, Sahibkarlığın İnkişafı Fondu dəvə təsərrüfatına kredit ayırırdı. Bizdən sonra belə təsərrüfatı kredit ayırmayıblar».
M.Rəhimov bildirir ki, dəvə təsərrüfatı təsərrüfatı qoyun və ya mal-qara kimi sürətlə artmır. Dəvələr 2 ildə cəmi bir dəfə bala verirlər. Qafqaz dəvələrinin əti yeməlidir və dəvələr də ətinə görə yetişdirilir. Təsərrüfat sahibinin sözlərinə görə, hər ay burada cəmi 1 dəfə kəsilir. Ondan əvvəl dəvət əti üçün sifarişlər torlanır, ayda 1 dəvə kəsilir və təqribən 300-400 kiloqram ət verir, ətin kiloqramı 16-17 manatdan satılır.
«Ayda bir dəfə kəsilir, kimə nə qədər lazımdırsa, 10, 20, 50 kiloqram gəlib alıb aparırlar. Dəvə ətini hər yerdən gəlib alırlar».
Təsərrüfat rəhbərinin sözlərinə görə, restoranlarda dəvə ətindən geniş istifadə edilir: «Özü də bu təkcə qutab üçün işlənmir, Onun kababları, basdırması, tikə və kotleti də olur» deyə təsərrüfat rəhbəri detalları sadalayır.
Güzəştli kreditin 100 min manatı isə avadanlığın yemin və texnikanın alınmasına sərf edilib, onlar da Fədək-in təsərrüfatlarında, o cümlədən nar bağında istifadə olunur.
M.Rəhimov bildirir ki, ayda cəmi bir dəfə kəsilsə də dəvə təsərrüfatı gəlirli biznesdir. «Dəvələr demək olar ki, xərc tələb eləmir, kollarla tikanla qidalanırlar, yalnız qış aylarında onlarv 1-2 ay yem verilir, qalan vaxtlarda özləri qidalanır».
Yeri gəlmişkən, indiyədək 2 dəvəni bəhşi heyvanlar parçalayıb, amma onların sığortası olmayıb deyə, ona görə ödəniş alınmayıb.
Təsərrüfatda 3 çoban işləyir, «Fədək-Azərbaycan»ın başqa təsərrüfatlarında – restoran, nar bağı və sairdə isə birlikdə 50-dək iş yeri yaradılıb.
Təsərrüfat Sahibkarlığın İnkişafı Fonundan güzəştli krediti «BTB Bank»ın vasitəçiliyi ilə alıb. Kreditə 2 il güzəşt müddəti təyin edilib (həmin müddətdə əsas borc qaytarılmır, yalnız faizlər ödənilir – FED.az). M.Rəhimovun sözlərinə görə, artıq kreditin güzəşt müddəti bitib və əsas borcun qaytarılmasına başlanılıb.
«Kreditin qaytarılmasında çətinlik yoxdur. Biznesin gəlirləri buna imkan verir. Biz bu krediti boşuna xərcləməmişik. Biznes qurmuşuq, yatırım etmişik və indi onun gəlirləri hesabına vəsaiti qaytarırıq. Dövlətin dəstəyindən, yaratdığı şəraitdən çox razıyıq, bizə yaxşı dəstək olublar».
«Fədək-Azərbaycan» MMC-nin rəhbəri bildirir ki, hazırda satışlar yalnız ölkə daxilindədir: «Ölkədən xaricə satışa hələlik marağımız yoxdur. Əslində xaricdən tələbat olsa, onu ödəyəcək bazamız da hələ yoxdur, bunun üçün 450500 dəvə olmalıdır. Ona görə də hələlik satışları yalnız ölkə daxilinə edirik. Gələcəkdə dəvələrin sayı 500-ə çatarsa, xaricə də satışlar barədə düşünmək olar».
Hazırda təsərrüfatın planı tədricən böyümək, dəvələrin sayını artırmaqdır. Çünki dəvə ətinə maraqı günü-gündən artır. Getdikcə daha çox restoranda dəvə əti təklif olunur. Ölkədəki başqa oxşar təsərrüfatlardan fərqli olaraq «Fədək-Azərbaycan»ın dəvəçilik təsərrüfatında turizm məqsədilə planlar qurulmayıb. Amma gələcəkdə buraya turist səfərlərinin təşkili də istisna deyil.