Xaçmazlı fermer Samir Bəyov təsərrüfatında yüzdən çox Hələb keçisi saxlayır.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərtac-a istinadən xəbər verir ki, Xaçmaz rayonunun Xudat şəhərində yaşayan fermer təsərrüfatını 4 il əvvəl dostunun ona hədiyyə etdiyi iki baş keçi ilə qurmağa başlayıb.
“Keçi saxlayacağım heç ağlıma gəlməzdi. Bu hekayə dostumun mənə iki baş keçi bağışlaması ilə başaldı. Bir neçə aydan sonra keçilərin sayı artıq 10-a çatmışdı. Sonra həvəsləndim, əlavə keçilər aldım. Təsərrüfatım böyüdü. Hələb keçilərinin sayı 100-ü keçdi. Artıq 4 ildir bu işlə məşğuluq”, - deyə Samir Bəyov söyləyib.
Hələb keçiləri il ərzində iki dəfə bala verir. Bir keçidən ildə 4-6 bala əldə edilir. Hələb keçilərinin dişilərinin çəkisi iki yaşlarında 70-80 kiloqram olur. Erkək keçilər isə 120-140 kiloqram çəkiyədək artır.
Samir Bəyov bildirib ki, bir keçidən gündə 3-6 litr süd əldə edir: “Düzdür, südü bəzi sort keçilərdən azdır. Hələb keçilərinin əsas üstünlüklərindən biri südünün yağlılığının çox olmasıdır. Məsələn, 1 kiloqram pendir əldə etmək üçün başqa sort keçilərin 10 litr südü istifadə olunur. Amma Hələb keçilərinin 5-6 litr südündən 1 kiloqram pendir alınır”.
Fermerin sözlərinə görə, Hələb keçilərinin əsas üstünlükləri başqa heyvanların yemədiyi bitki, kol və ağac yarpaqlarını yeyə bilməsindədir. Bu, yem xərclərini də azaldır.
Hələb keçiləri soyuq hava şəraitinə və xəstəliklərə qarşı dözümlüdür. Azərbaycanın bütün bölgələrinə uyğunlaşa bilir.
Samir Bəyov keçi ətinin satışında çətinlik çəkmədiyini deyir. Fermer ət satışını yerli bazarla yanaşı, qonşu Dağıstan Respublikasında da həyata keçirir. Keçi ətinin bir kiloqramı alıcılara 10-11 manata təklif olunur. Hələb keçilərinin südündən alınan pendir isə 10-12 manata satılır.
Fermer gələcəkdə təsərrüfatını daha da genişləndirmək istəyir. Hazırda onun keçiləri saxlamaq üçün 4 hektar otlaq sahəsi var. Bu isə 100-150 keçi saxlamağa imkan verir.