“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-də 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib. ASC-dən FED.az-a verilən məlumata görə, ASC-nin sədri Əbülfət Qocayev bildirib ki, prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin yanvarın 1-dən fəaliyyətə başlamış Səhmdar Cəmiyyətin zəruri infrastrukturu qurulmuş, Bakı şəhərində əsas logistika mərkəzi olmaqla 12 regional bölmə, 38 rayonda dayaq məntəqələri yaradılmış və regional bölmələr üçün inzibati bina, eləcədə anbarlar icarəyə götürülmüş, lazımi avadanlıqlarla təchiz edilmişdir.
Hazırda Səhmdar Cəmiyyətin istifadəsində ümumi tutumu 19 000 m2 -dən çox anbar təsərrüfatı mövcuddur. Əlavə olaraq, gündəlik mal dövriyyəsini həyata keçirmək məqsədilə ümumilikdə 16 yük avtomobili icarəyə götürülmüş, Bakı şəhərində pərakəndə satış həyata keçirmək məqsədilə 15 əlavə yük maşını avtomobil parkına daxil edilmişdir.
Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən 863 satınalan təşkilatla 1925 təchizat nöqtəsinə məhsul təchizatı ilə bağlı müqavilələr bağlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na müvafiq olaraq elektron portal (www.tedaruk.az) yaradılmış və 2016-cı il 8 noyabr tarixində istifadəyə verilmişdir.
Həmin tarixdən satınalan təşkilatların tələbatları əsasında 173 növ məhsul üzrə satınalma elanı həmin portalda yerləşdirilib. Portalda yerləşdirilən məhsullar üzrə satınalma qiymətləri mövcud qaydalara əsasən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla topdansatış bazar qiymətləri kimi müəyyənləşdirilmiş və həmin qiymətlər satınalma qiymətlərində yuxarı hədd kimi təyin edilmişdir. Hazırda satınalan təşkilatların təqdim etdiyi tələbat planına uyğun olaraq məhsulların təchizatı həyata keçirilir.
2017-ci il ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlar 18 məhsul kateqoriyası üzrə 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilib. Bunun böyük hissəsi (395 nəfəri fermer və 276-ı şirkət olmaqla) yerli istehsalçılardan alınıb ki, bu böyük həcmində vəsaitin yerli istehsalçıların dövriyyəsinə daxil olması deməkdir.
İH-nin sədri Ə.Qocayev hesabat xarakterli çıxışında həyata keçirilmiş ixrac məsələlərinə də toxundu. Bildirdi ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarınının xarici bazarlara çıxarılması üçün mütəmadi olaraq xarici bazarlarda müvafiq araşdırmalar aparılmış, sahibkarlar tərəfindən daxil olan təkliflər müzakirə edilmiş, yerli məhsulların ixracı üçün Rusiya, Belarus, Ukrayna, Çexiya, Fransa, BƏƏ, Bəhreyn, Qətər Əmirliyi kimi ölkələrdə yerləşən ərzaq firmalarına əməkdaşlıq məktubları göndərilmiş və onlarla bir sıra məhsuldar görüşlər keçirilmişdir.
Rusiyanın iki iri ticarət şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. İxracla bağlı görülən işlər nəticəsində dəyəri 54 milyon 928 min manatdan çox məhsul ixracı həyata keçirilmişdir.
Məhsul istehsalı üçün avans ödənişi ilə bağlı, cari ilin aprel ayından etibarən Səhmdar Cəmiyyət tərəfindən kütləvi informasiya vasitələrində elanlar verilmiş və geniş təbliğat işləri aparılmışdır. Bu proses nəticəsində 309 istehsalçıdan müxtəlif məhsullar üzrə müraciət daxil olmuşdur.
Həmin istehsalçıların monitorinqi həyata keçirilərək, istehsal potensialı və təqdim edilən sənədlərin düzgünlüyü təsdiq olunan 132 təsərrüfat subyektinə yaz və payız sezonunda 11 adda məhsul istehsalı üçün 3 544 488 manat avans ödənilmişdir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti haqqında monitorinqin nəticələrinə əsasən, Səhmdar Cəmiyyətin həyata keçirdiyi işlər “Əsas icraçı qurumların performansı” şkalası üzrə 100 ballıq sistemlə hesablanmaqla 50 balla qiymətləndirilmişdir.
Hesabat iclasında çıxış edən İH-nin sədr müavinləri Xaliq Məmmədov, Elşən Əsədov və departament müdirləri başa çatmış ildə əldə olunmuş nəticələr haqda danışdılar. Natiqlər 2018-ci ildə həyata keçiriləcək prioritetlər haqda fikirlərini səsləndirdilər.
Fermerlərin əkdiyini pulla alır – 3,5 MİLYON MANAT AVANS VERİB
18:09
12 Yan 2018