Köhnə kənd təsərrüfatı texnikalarını satan şəxslərin sayı günbəgün artır. Bir neçə elan saytlarına nəzər yetirəndə bu aydın görünür. Həmçinin, rayonlara səfər edərkən yol kənarlarında üzərində “Satılır” yazılan köhnə traktor və kombaynlara rast gəlinir. Belə texnika satanların əksəriyyəti hazırda köhnə texnika ilə pul qazanmağın mümkün olmadığını bildirir. Çünki texnikanın hər gün bir detalı sıradan çıxır. Nəticədə təsərrüfatçı qazandığını ehtiyat hissələr almağa xərcləyir. Bu kontekstdə texnikası köhnə olan kombaynçıların işi daha çətindir. Çünki, biçin mövsümü qısa bir müddət olduğundan kombaynçı durmadan işləməlidir. Lakin texnika sıradan çıxanda günlərlə vaxt və pul itirir. Nəticədə həm kombaynçı yaxşı qazanc əldə edə bilmir, həm də biçin gecikdiyindən məhsul itkisi yaranır. Könhə texnikalar işlək olsa belə, taxılı itkisiz yığa bilmir. Bütün bunları nəzərə alan fermerlər köhnə traktorlardan əlini üzüb yenisini almağa çalışır. Bu istiqamətdə isə, dövlət kənd təsərrüfatı istehsalçıları üçün geniş imkanlar yaradıb.
Kənd təsərrüfatı məhsulları istehsalçıları nağd qiymətə texnika almaqdansa, dövlətin təqdim etdiyi güzəştlərdən faydalanmağa üstünlük verir. 2005-ci ildən bu günə kimi ölkəyə gətirilən və lizinq yolu ilə əhaliyə satılan texnikaları əhatə edən rəqəmlər bunu deməyə əsas verir. “Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə texnika əldə etmək üçün müraciətlər də ilbəil çoxalır.
2005-2014-cü illər üzrə aparılan hesablamalara görə, bu müddətdə 8415 fiziki və hüquqi şəxsə14564 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. 2015-ci ildə bu rəqəm 3397, 2016-cı ildə4087, 2017-ci ildə isə bu rəqəm 7875 olub. Kənd təsərrüfatı texnikalarının ümumi dəyəri 2016-cı ildə 138,7 milyon manat idisə, bu rəqəm də 2017-ci ildə 269,4 milyon manat olub.
Kənd təsərrüfatı texnikasını lizinq yolu ilə əldə etmək istəyən hüquqi və fiziki şəxslər “Aqrolizinq” ASC-yə elektron ərizə ilə və ya birbaşa müraciət edərək sığorta haqqı da daxil olmaqla, texnikanın dəyərinin 10 faizdən az olmayan hissəsini əvvəlcədən, qalan hissəsini isə 10 ildən gec olmayaraq ödəyir. Texnikanın ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir.