Azərbaycanda artıq kənd təsərrüfatında innovasiyaların tətbiqi nəticə verir.
FED.az xəbər verir ki, bunu “4-cü AqroBiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Nabil Gangi deyib.
“Ötən il Qubada keçirilən Aqrobiznesin İnkişafı Forumunda Azərbaycanın dərin kənd təsərrüfatı köklərini və daha davamlı, yenilikçi bir gələcəyə doğru atdığı cəsarətli addımları yaxından hiss etdim”, – deyə o qeyd edib.
Xarici qonaq forumun COP29-dan dərhal sonra keçirilməsinin də təsadüfi olmadığını deyib: “Azərbaycanın qlobal iqlim gündəmini formalaşdırmaqda aparıcı rol oynadığı COP29-dan sonra bu Forum xüsusi əhəmiyyət daşıyır. Bakının yaratdığı impuls hələ də təzədir — və indi bu qlobal öhdəlikləri tarlalara, fermalara və gələcəyimizi müəyyənləşdirəcək ərzaq sistemlərinə daşımağın zamanıdır”.
O bildirib ki, FAO-nun 2022–2031-ci illəri əhatə edən Strateji Çərçivəsində innovasiya aqrar ərzaq sistemlərinin səmərəli, inklüziv, dayanıqlı və davamlı şəkildə qurulmasının əsas elementi kimi götürülür:
“İnnovasiya sadəcə yeni texnologiyaların tətbiqi deyil, bu, düşüncə tərzlərinin, sistemlərin və gələcəklərin transformasiyasıdır. FAO Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi olaraq hökumətlərlə, akademik dairələrlə, özəl sektor və fermerlərlə birgə çalışaraq ağıllı və miqyaslana bilən həlləri həyata keçiririk”.
Nabil Gangi Azərbaycanda innovasiyanın necə kök saldığını və inkişaf etdiyini öz gözləri ilə gördüyünü xüsusi qeyd edib: “Yaxşı kənd təsərrüfatı təcrübələri beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunur, ərzaq istehsalının təhlükəsiz, davamlı və ətraf mühitə uyğun olması təmin edilir. Müasir texnologiyalar məhsuldarlığın və səmərəliliyin artırılması üçün tətbiq olunur, bu, dəqiq kənd təsərrüfatı alətlərindən tutmuş ağıllı idarəetmə sistemlərinədək uzanır. Davamlı suvarma sistemlərinin genişləndirilməsi də iqlim stressi fonunda resursların qorunmasına xidmət edir”. (Apa)