Xıdırlı Salyanın ən ucqar və Xəzər dənizinin sahilində yerləşən kəndidir. Burada əhali əsasən maldarlıqla dolanır. Xıdırlını məşhurlaşdıran bu kənddə uzun illərdir dəvə təsərrüfatının olmasıdır.
FED.az Azərtac-a istinadən xəbər verir ki, kənddən 8 kilometr aralıda dəvələr üçün örüş yeri mövcuddur. Bu örüş yeri 1999-cu ildə dövlət tərəfindən kommersiya məqsədi olmadan, genefondu qorumaq üçün yaradılıb.
Xıdırlı kənd sakini Fariz Abdullayev uzun illərdir dəvə təsərrüfatı yaradıb. O, bu heyvanları saxlamağın elə də asan olmadığını bildirir: “Dəvə saxlamaq çox çətindir. Çöl heyvanı olduğuna görə qulluq tələb edir. Elə yerlərə gedir ki, gərək onu tapmaq üçün kilometrlərlə yol gedəsən. Bu heyvanın nazını çəkməlisən. Artıq illər keçib, buna alışmışıq. Dəvənin ömrü 35-40 il, ondan da çox olur. Bu, onun saxlanıldığı mühitə görə dəyişir”.
Xıdırlıda təxminən 60-a qədər iki hürgüclü dəvə var. Bunlardan yalnız biri ağ dəvədir. Əti və yunu zərif olan dəvənin südünün yağlılığı 50 faizdən çoxdur.
Əməkdar müəllim, zooloq Gülşən Piriyeva bildirir ki, dəvənin yunu və südü xalq təbabətində çox istifadə olunur: “Dəvə südündən mədə-bağırsaq, ağ ciyər xəstəliklərində, həmçinin bədənin zəifliyi zamanı istifadə edirlər. Dəvənin yunundan toxunan müxtəlif geyimlər isə revmatizm xəstəliyinin qarşısını almaqla, həm də insanı soyuqdan qoruyur”.
Xıdırlı sakinləri deyirlər ki, ata-babalardan qalan bir deyim əslində həqiqətə uyğundur: “Dəvə oynayanda qar yağar”. Bu, boşuna deyilmiş söz deyil. Kənd sakinləri dəfələrlə bu misalı sınaqdan keçiriblər. Dəvə şıltaqlıq edən vaxtı hava qəfildən dəyişir. İki-üç saat sonra havada buludlar toplanaraq yağış və qar da yağıb. Buna adət etmiş kənd sakinləri dəvə oynayanda bilirlər ki, hava tez bir zamanda dəyişəcək.
Dəvənin kinli olmağına gəlincə, sakinlərin sözlərinə görə, əslində vurmasan, incitməsən, bu heyvan olduqca mehribandır.
Xıdırlıda dəvənin yunu hətta bərəkət rəmzi kimi qapılardan da asılır. Bir sözlə, dəvə Salyan şəhərinin 50 kilomertliyində yerləşən Xıdırlı kəndinin əsl rəmzinə çevrilib. Qalır bu sahəni daha da inkişaf etdirmək.