Aqrar

Ət istehsalını artırmaq lazımdır – EKSPERTDƏN TƏKLİFLƏR

Ət istehsalını artırmaq lazımdır – EKSPERTDƏN TƏKLİFLƏR | FED.az
10:19 14 Yan 2019

Azərbaycanda əhalinin ət və ət məhsüulları ilə təminatı dünya səviyyəsindən geri qalır və bunu aradan qaldırmaq üçün ölkədə heyvandarlığın daha sürətli inkişafı tələb olunur. FED.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı eksperti İmran Əbilov öz məqaləsində qeyd edib.  Ekspert vəziyyəti düzəltmək üçün təkliflərini də bölüşüb.

 

«2003-2018-ci illərdə Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanmışdır. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütövlükdə dəyişib, insanların həyat şəraiti xeyli yaxşılaşıb. Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da bu inkişafı müşahidə etmək olar. Həmin dövrdə ölkədə kənd təsərrüfatının ümumi məhsul istehsalı 1.7 dəfə artmışdır.

Bitkiçilik məhsulları istehsallarının real artımı 1.6, heyvandarlıq üzrə isə 1.7 dəfə artaraq dünya və region ölkələri üzrə orta göstəricidən yuxarıdır. Bu artım cari ilin 10 ayında da davam etməkdədir. Heyvandarlıq sektoru stabil olaraq inkişaf etdirilmiş, 2017-ci ildə 2003-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 23%, o cümlədən inək və camışların sayı 24.6%, qoyun və keçilərin sayı 21.2%, ət istehsalı 72.7%, süd istehsalı 73%, hər inək və camışdan süd məhsuldarlığı 42%, yumurta istehsalı 2.5 dəfə, bal istehsalı 4.7 dəfə artmışdır. Mal-qaranın cins keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 2009-cu ildən başlayaraq xarici ölkələrdən 26490 baş yüksək məhsuldar damazlıq mal-qara gətirilərək lizinq yolu ilə 870 fermerə satılmışdır.

Eləcə də bax: Südlük yoxsa ətlik heyvan biznesi? - AĞILLI SƏRMAYƏ

Bu rəqəmlər yaxşı göstəricidir, ancaq mal-qaranın sayının ildən-ilə artımı onun ekstensiv inkişafına yol açır. Bu haqda əvvəlki yazılarımda ətraflı bəhs etdiyimə görə üzərində dayanmaq istəmirəm. Heyvandarlıq məhsullarının bütün növlər üzrə istehsalının artırılması vacibdir, ancaq bu yazıda ölkədə ət istehsalının vəziyyəti haqqında bəzi mülahizələrimi bildirmək istəyirəm. Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, illik ət istehlakı bir adam üçün 84 kq, süd və süd məhsulları 360 kq, yumurta 280 ədəd, balıq isə 20 kq nəzərdə tutulmuşdur. Bizdə bu sahədə respublika üzrə normalar müəyyən edilməmişdir.

Statistik məlumatlara görə, bizdə adambaşına illik ət istehlakı 34.8 kq, süd 245.2 kq, yumurta 237 ədəd, balıq isə 7.5 kq olmuşdur. Əlbəttə, bunlar onu göstərir ki, ölkədə ət istehsalının artırılması çox vacibdir. Yuxarıda qeyd edildiyi kimi, 2017-ci ildə 2003-cü ilə nisbətən ət istehsalı 1.7, quş əti istehsalı 2.8 dəfə artmış, digər növlər üzrə artım isə 40-42 faiz olmuşdur.

 

Əhali tərəfindən istehlak olunan ətin miqdarına ölkəyə idxal edilən ət və ət məhsulları da daxildir. Belə ki, 2017-ci ildə statistik məlumatlara görə ölkəyə cəmi 41.01 min ton mal, quş əti və məhsulları idxal edilmişdir. Maraqlı burasıdır ki, idxal edilən ətin 62 faizi quş əti hesabına olmuşdur. Göründüyü kimi, ölkədə ət istehsalının daxili ehtiyatlar hesabına artırılmasına ciddi ehtiyac vardır. Respublikada ət istehsalının öz hesabına artırılması sahəsində müəyyən işlər görülməsi nəticəsində 2018-ci ilin 6 ayında keçən ilin müvafiq dövrünə nisbətən ət idxalı 1.7 min ton və ya 3.2 milyon dollar həcmində azalmışdır. Bu tendensiya davam etməkdədir.

 

Ölkədə süd istehsalının artırılması istiqamətində də mühüm işlər görülür. Belə ki, 50-yə qədər iri südçülük kompleksi və aqropark tikilib istifadəyə verilmiş və proses davam etdirilir. Bu da ölkədə südçülük sahəsinin sənaye əsasları üzrə inkişafına geniş yol açır. Lakin ət istehsalı artsa da, qiymətlərin bir qədər bahalaşması müşahidə olunur. Bunun əsas səbəblərindən biri yemlərin qiymətinin artması, örüş və otlaq sahələrinin azalması, onların yaxşılaşdırılması işinin zəif təşkili və s. ilə əlaqədardır.

Xüsusilə ölkəyə xaricdən idxal olunan yemlərin (müxtəlif dənlər, soya, mineral yemlər və s.) qiymətində, həmçinin, ölkədə istehsal olunan qaba yemlərin qiymətində artım baş verir. Şübhəsiz ki, nə qədər həm əti, həm də yemlərin müəyyən hissəsini xaricdən idxal edirik, ətin qiyməti də artacaq. Verilən statistik məlumatlara görə, özümüzü ət və ət məhsullarına olan tələbatın 84.7 faizini təmin edirik. Bu faiz artdıqca, ətin qiymətində də ucuzlaşma baş verəcəkdir. Ümumiyyətlə heyvandarlıq məhsulları istehsalını, o cümlədən ət istehsalını artırmaq üçün onun intensiv inkişaf etdirilməsi, mövcud potensialından yetərincə istifadə edilməsi, idxalın azaldılması və ixracın artırılması çox vacibdir.

 

Yay və qış otlaqlarının yaxşılaşdırılması, onların erroziyaya uğrayaraq səhralaşmasının qarşısının alınması, yem əkinlərinin məhsuldarlığının artırılmasına diqqət verilməlidir. Qoyunların qış otlaqları ilə təmin olunması cəmi 31 faiz, yay otlaqları ilə tələbat isə 20% ödənildiyinə görə onların məhsuldarlığının artırılmasına ciddi ehtiyac vardır. Hazırda həmin otlaqların icarəyə verilməsi rayon icra hakimiyyətlərinə tapşırılmışdır.

 

Hesab edirik ki, onların pasportlaşdırılması aparılaraq istifadəyə verilməsi və bölüşdürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməlidir. Yay və qış otlaqlarının yaxşılaşdırılması uzun bir proses olduğu üçün ona ciddi hazırlaşmaq lazımdır. Buraya otlaqlara müxtəlif otların toxumlarının səpilməsi, şumlamanın qarşısının alınması, yolların çəkilməsi, istər çobanların, istərsə də qoyunların içməli su ilə təmin edilməsi, elektrik xətlərinin çəkilməsi, otlaqlara qaramalın normadan artıq buraxılmaması, mədəni, ticarət və səhiyyə mərkəzlərinin yaradılması və s. tədbirlər daxildir.

 

Yem istehsalının təşkili və məhsuldarlığının artırılması ayrıca mövzu olsa da, qeyd olunmalıdır ki, istər qış otlaqlarında, istərsə də örüş sahələrində suvarılan mədəni otlaqların yaradılması işində kifayət qədər təcrübələr vardır. Bu otlaqlarda həm qoyunların otarılması, həm də yem bitkilərinin yığılaraq malqaraya yedizdirilməsi mümkündür. Vaxtilə respublikada 50.0 min hektara qədər suvarılan mədəni otlaqlardan çox səmərəli istifadə edilir və onların məhsuldarlığı hər hektardan quru ot hesabı ilə 150 tona qədər çatdırılırdı. Ümid edirik ki, bu sahədə də müvafiq təşkilatlar tərəfindən müəyyən tədbirlər görüləcəkdir.

Bildiyimizə görə, Kənd Təsərrüfatı Nazirliyi 2019- 2023-cü illər üzrə “Heyvandarlığın intensiv inkişafı, örüş və otlaq ərazilərindən səmərəli istifadə edilməsinə dair Dövlət Proqramı hazırlayıb hökumətə təqdim etməyi nəzərdə tutur. Bu, çox yaxşıdır, o şərtlə ki, yuxarıda göstərilən tədbirlər də nəzərdə tutulsun. Belə olarsa, ölkədə ət istehsalının artırılmasında mühüm sahə olan qoyunçuluğu intensiv inkişaf etdirmək olar. Ölkədə yay və qış otlaqlarının azlığını nəzərə alaraq qoyunların stasionar, yəni yaylaq-qışlaq sahələrinə aparılmadan (oturaq) şəraitdə saxlanması təcrübəsi bir sıra rayonlarda həyata keçirilmişdir.

 

Bu, həm də təsərrüfatlarında qoyunların sayı 50-dən çox olmayan fermerlər tərəfindən daha düzgün və asan yolla həyata keçirilə bilər. Bu şəraitdə saxlanılan qoyunların diri çəkisi normal yemləmədə 45-50 kq-a çatdırıla bilər. Ağdam rayonunda yaxın keçmişdə oturaq şəraitdə briqadir Əli Abbasovun fermasında qoyunların orta diri çəkisi (Qarabağ qoyunu cinsindən) 70-80 kq-a çatdırılmışdır, hər 100 baş qoyundan isə 108 baş quzu alınmışdı. Bəzi adamlar buna şübhə ilə baxdıqda Əli Abbasov bildirdi ki, 20 il ərzində sürüdə əkiz bala verən ana qoyunları seçib bəsləmiş və onların sayı xeyli artmışdır. Deməli ət istehsalının artırılmasında böyük potensiala malik olan qoyunçuluqda damazlıq, yemləmə və bəsləmə işləri düzgün təşkil edildikdə çox uğurlu nəticələr əldə etmək olar.

 

Belə təcrübələrin təbliğ və təşviq edilməsi vacibdir. Doğrudur, hər bir fermer öz təsərrüfatını özü idarə edir və lazımi qərarı da o verir, bu, təklif və tələbdən asılıdır. Son zamanlar ət satışı mağazalarında quzu əti xüsusi yer tutur, burada azacıq qiymət fərqinə görə külli miqdarda lazımi diri çəkiyə çatdırılmadan quzuların kəsilib satılması nəticəsində ət istehsalında böyük itkiyə yol verilir. Mütəxəssislərimiz bu məsələdə fermerlərlə lazımi izahat işləri aparmalı və onları inandırmalıdırlar ki, qoyunları lazımi diri çəkiyə çatdırsınlar.

 

Açığını deyək ki, istər qoyunçuluqda, istərsə də iribuynuzlu maldarlıqda ət üçün kəsilən heyvanların bir başının diri çəkisi haqqında dəqiq məlumat olmadığına görə, bu işə tövsiyə vermək, onu təhlil etmək və ya nəzarətdə saxlamaq çətindir. Hesab edirəm ki, statistika orqanları vasitəsilə müəyyən metodologiya tətbiq etməklə bu işi həyata keçirmək olar. Qoyunçuluğun əhəmiyyəti bir də onunla şərtlənir ki, milli mətbəximizdə qoyun ətinin xüsusi yeri var. Bu mənada yerli qoyun cinslərinin ətinin üstünlüyünü qeyd etməliyik.

 

Yerli Qarabağ, Qaradolaq, Qala, bozax, Şirvan, ləzgi, Cəro və s. cinslərin əti yerli əhali tərəfindən çox yaxşı istifadə olunur. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin keçmiş “Azərdamazlıq” birliyinin (X.Rəcəblinin rəhbərliyi ilə yaradılan M.Hüseynov və S.Tağıyevlə birlikdə) Lerik rayonundakı “Pirasora” qoyun cinsi haqqında məlumat vermək istərdim. İlk dəfə olaraq “Pirasora” qoyunçuluq müəssisəsində 15 il ərzində aparılan damazlıq işi nəticəsində ətlik-südlük qoyun cinsi yaradılmışdır. Hazırda burada cinsin tələb olunan miqdarda kifayət qədər baş sayı mövcuddur. Hesab edirik ki, Respublika Kənd Təsərrüfatı Nazirliyi həmin qoyun cinsinin müvafiq qaydada təsdiq edilməsi və cənub zonasında planlı cins kimi yayılması məsələsinə baxmalıdır.

 

Ət istehsalının artırılmasında qaramalın xüsusi çəkisi vardır. Bu sahənin inkişafı məqsədilə yeni yaradılan Aqroparklarda və eləcə də sərbəst şəkildə ixtisaslaşmış kökəltmə müəssisələrinin (komplekslərin) yaradılması, onun yemlə təminatı və emal infrastrukturunun yaradılması əsas amillərdəndir. Hazırda respublikada 50-yə qədər müasir tələblərə cavab verən iri südçülük kompleksi olduğu halda, istər qaramal, istərsə də qoyunçuluqda ətlik istiqamətli müəssisələr demək olar ki, çox azdır. Ona görə də fermerlərin öz təsərrüfatlarında kökəlməyə qoyduqları mallardan başqa, respublikanın yem şəraiti olan rayonlarında kökəlmə üzrə ixtisaslaşdırılmış iri müəssisələrin yaradılması vaxtı çatmışdır.

 

Mal-qaranın kökəldilməsi üçün müasir komplekslərin optimal həcmi, yəni burada malların sayı müxtəlif ola bilər. Belə ki, 1200 başdan başlayaraq 12 min başa qədər və daha çox ola bilər. Hesab edirik ki, Azərbaycan şəraiti üçün hələlik 1200-3 min başlıq müəssisələrin yaradılması məsləhətdir. Bu tədbirlər həyata keçirilərsə, ət istehsalını ən azı 30% artırmaq olar. Kökəltmə komplekslərini həm yerli malların mələzləri, həm də xaricdən gətirilən şarolye, aberdunanqus, hallovey, simmental və s. cinslərin cavan malları və südlük malların erkək danaları ilə təmin etmək olar. Kökəltmə komplekslərinə erkək və çıxdaş olunmuş cavan mallar 3-6 aylıq, 6-9 aylıq, 9-12 aylıq yaşda qoyula bilər. Bizim şəraitdə məsləhətdir ki, 6- 9 aylığında ətliyə qoyularaq 6-8 ay müddətində bəslənilir və 18 aylığında (müvafiq olaraq 9-6 ay müddətində) 400-450 kq diri çəkidə realizə edilsin. 1972-ci ildən başlayaraq respublikaya Hallovey, Aberdin-anqus, Kuba zebusu, şarolye və s. ətlik cinsdən olan mallar gətirilərək dağ rayonların təsərrüfatlarında yerləşdirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Şəki rayonunda 10 min başlıq, digər əksər rayonlarda 3 min, 4 min başlıq kökəltmə kompleksləri fəaliyyət göstərirdi. Bu, onu göstərir ki, ölkəmizdə ətlik istiqamətli malların yetişdirilməsi sahəsində lazımi təcrübə vardır.

 

Hazırda ətlik istiqamətli müəssisələrin yaradılmasında kooperativlərin də fəaliyyətə başlaması diqqətçəkəndir. Belə kooperativlərdən biri Sabirabad rayonunda yaradılmışdır. Burada fermerlər 5-10 baş saxladığı cavan malları həmin kooperativə təhvil verir və onlara lazımi zoobaytar xidmətləri göstərilir. Fermerlər cavan malları ora təhvil verərək yalnız süd istehsalı ilə məşğul olur və əlavə qayğıdan azad olurlar. Belə kooperativlərin yaradılması da ət istehsalının intensiv inkişafına təkan vermiş olar.

 

Mal-qaranın kökəldilməsində əsas məsələ yemləmənin düzgün norma üzrə təşkili, aylar üzrə diri çəkinin müəyyən edilməsi, kökəlməyə qoyulan cavan heyvanların eyni yaşda olması, verilən yemlərin, xüsusilə qaba yemlərin yemləmə üçün hazırlanması və s. təşkil edir. Buna görə də ölkədə qarışıq yem istehsal edən sexlərin və sənaye müəssisələrinin sayı artırılmalıdır. Aydın məsələdir ki, istər ətlik, istərsə də südlük istiqamətli maldarlığın inkişafı damazlıq işinin təşkilindən çox asılıdır.

 

Əgər südçülükdə cinslərin təmizlikdə yetişdirilməsi zəruridirsə, ətçilikdə mələzləşmə və hibridləşmədən istifadə edilməlidir. Bu sahədə zoobaytar mütəxəssislərinin hazırlanması, xarici ölkələrin təcrübəsindən istifadə edilməsi, yeni texnologiyaların tətbiqi həyata keçirilməlidir. Dünyada gedən qlobal iqlim dəyişikliklərini nəzərə alaraq mövcud yerli genefond nümunələri və xarici ölkələrdən gətirilən yüksək məhsuldar damazlıq materialları əsasında ekstremal şəraitə uyğunlaşan yeni heyvan cinslərinin və cinsdaxili qrupların yaradılması üzrə seleksiya işləri aparılmalıdır. Bu işdə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları və tədqiqat mərkəzləri öz sözlərini deməlidirlər. 

Digər xəbərlər