Son illərdə xüsusilə də iqlim dəyişmələrinin təsirləri nəticəsində ölkəmizdə də su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur. Təəssüf ki, son 20-30 il ərzində su ehtiyatlarımız 10-15 faizə qədər azalıb. Eyni zamanda, tələbatın artması, bəzi hallarda su ehtiyatlarından qeyri-səmərəli istifadə və su itkilərinin olması halları son nəticədə bəzi regionlarımızı tələbatın çox olduğu dövrlərdə su çatışmazlığı problemi ilə üz-üzə qoyur. Belə vəziyyətlərlə qarşılaşmamaq üçün alternativ su mənbələrindən istifadə ilə bağlı işlər aparılır.
Azərbaycanda dəniz suyundan içməli su alınacaq - YENİ LAYİHƏ BAŞLAYIR - PREZİDENTDƏN SƏRƏNCAM
Azərbaycan Respublikasında “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda alternativ su mənbələrindən istifadə ilə bağlı tədbirlərin görülməsi, eyni zamanda, dəniz suyunun duzsuzlaşdırılaraq içməli su əldə edilməsi məsələləri də yer almışdı. Alternativ su mənbələrindən istifadə dedikdə, yəni tullantı sularının təkrar emaldan sonra istifadəsi, kollektor-drenaj sularından istifadə kimi nümunələri göstərmək olar. Ölkəmizdə belə bir təcrübə də mövcuddur. Belə ki, Nizami metro stansiyasında yaranan qrunt sularından alternativ mənbə kimi istifadə olunur. Hazırda digər metro stansiyalarda da belə imkan araşdırılır.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.
Nazirliyin şöbə müdiri bildirib ki, ETSN tərəfindən hələ 2013-cü ildə pilot layihə kimi Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması zavodu inşa edilib. Həmin zavoddan əldə olunan təmizlənmiş su hazırda yaşıllıqların suvarılmasında istifadə olunur: “İlkin mərhələdə zavodda dəniz suyundan sutkada 1000 kubmetr su istehsal etmək üçün avadanlıq quraşdırılmışdı. Lakin yaranan ehtiyaclar nəzərə alınaraq 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırılma işləri aparılmadan iki dəfəyədək artırıldı və sutkada 2 min kubmetrə çatdırıldı. Həmin zavod dənizdən 12 kilometr uzaqlıqda yerləşir və su boru vasitəsilə dənizdən götürülür. Müəyyən texnoloji proseslərə, yəni ilkin olaraq çökməyə məruz qalan həmin su sonradan anbara vurulur, oradan isə qidalandırıcı nasoslar vasitəsilə filtrlərə ötürülür. Həmin filtrlərdə su qumla bazalt qatından keçərək fiziki təmizlənməyə məruz qalır. Qum və bazalt qatından keçmiş su yenidən mikron filtrlərindən keçirilir. Suyun tərkibində ölçüsü 5 mikrondan böyük nə varsa, hamısı burada çökür. Şəffaf duzlu su yüksək təzyiq nasosu vasitəsilə membranlara vurulur. Membranlarda duz sudan ayrılır. Membrana vurulan suyun 45 faizə qədəri şirin su kimi istifadəyə verilir, qalan 55 faizi isə iki dəfə duzlu şəkildə dənizə axıdılır. İstehsal olunan suyun 10 faizi minerallaşmadan keçir və içmək, məişətdə istifadə üçün nəzərdə tutulur. Qalan 90 faizi isə birbaşa ağacların suvarılmasında istifadə olunur. Qısacası, əks osmos membranlarına əsaslanan texnologiyanın tətbiq edildiyi həmin zavoddan alınan sudan həm içmək, həm də yaşıllıqların suvarılması məqsədilə istifadə etmək mümkündür”.
F.Mütəllimovun sözlərinə görə, Salyan rayonunun Xıdırlı kəndi və ətrafda olan yaşıllıqların salındığı ərazilərdə su ehtiyatlarının məhdudluğu şəraiti mövcuddur. Ona görə həmin zavoddan əldə edilən sudan istifadə bir növ həll yolu kimi hazırda tətbiq olunmaqdadır: “Hazırda həmin sudan Salyan rayonu ərazisində salınmış 700 hektar yaşıllığın, o cümlədən zeytun plantasiyalarının və ildə bir milyondan artıq əkin materialları yetişdirilən nazirliyin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin balansında olan tinglik sahələrinin suvarılmasında istifadə olunur. 2013-cü ildən ölkəmizdə həyata keçirilməsinə başlanılan pilot layihə uğurla davam edir. Dəniz suyunun duzsuzlaşdırılması zavodunda gündəlik 2 min kubmetrədək suyun təmizlənməsi nəzərdə tutulub. Ötən il ərzində cəmi 600 min kubmetr su təmizlənərək istifadəyə verilib. Onu da qeyd edim ki, sutkalıq iki min kubmetr maksimum həcmdir, lakin tələbatdan asılı olaraq ondan istifadə imkanı dəyişir”.
Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək. (Azərtac)