Son illər Azərbaycanda aqrar sahəyə diqqət, kənd təsərrüfatının sürətli inkişafı və bu sahəyə iri investisiyaların artımı müşahidə olunur. Aqrar sahədə çalışan şirkətlərin sayı və onlar arasında rəqabətin artması, eləcə də xaricə ixrac imkanlarının yaranması, daha müasir texnologiya və texnikalardan istifadəyə ehtiyacı artırıb.
Azərbaycanda aqrar texnika və həllərlə bağlı müasir məhsullar təqdim edən şirkətlərdən biri də Almaniyanın «Claas» texnologiya şirkətidir.
Müasir kənd təsərrüfatı texnologiyaları, onların fermerlərin fəaliyyətindəki rolu və gətirdiyi faydalarla bağlı FED.az-ın suallarına «Claas» texnologiya şirkətinin regional ixrac üzrə meneceri Vasiliy Zeyder cavab verir.
- Cənab Zeyder, “Class” şirkəti, bu günlərdə heyvandarlıq sahəsində çalışan peşəkarları Zəmi günlərində bir araya gətirdi. Bu tədbirin əsas mahiyyəti nədən ibarət idi?
- Zəmi Günü çərçivəsində CLAAS şirkəti qarşısında duran əsas vəzifə Azərbaycanlı fermerlərə bu şirkətin effektiv texnologiyaları - silosyığan kombayn və traktor istehsal xəttindən istifadə etməklə iribuynuzlu heyvanlar üçün keyfiyyətli qidanın hazırlanması üzrə təlimlərin keçirilməsidir.
- Siz bu sahə üzrə ekspertsiniz. Azərbaycanın əsas hədəfi say deyil, məhsuldarlığı artırmaqdır. Biz buna necə nail ola bilərik?
- Azərbaycanda süd istehsalının artırılması, əsasən, gündəlik keyfiyyətli qida təminatından asılıdır. Məsələn, biz inəklərin də ciddi “qurman” olduqlarını və sağlam qida strukturunun istehsalın həcminə təsir göstərən əsas amil təşkil etdiyini nəzərə almalıyıq.
- Azərbaycanlı fermerlərə balanslaşdırılmış yem hazırlanması üçün hansı tövsiyələri verə bilərsiniz nəyi nəzərə alsınlar?
- Balanslaşdırılmış qidanın hazırlanması zamanı fermerlər mütləq şəkildə enerji və zülal, həmçinin qidanın düzgün strukturu, yəni kraxmal və liflərin nisbətini nəzərə almalıdırlar.
- Düzgün silos necə hazırlanmalıdır ?
- Silos nümunəsində qida hazırlanmasının əsas faktorları aşağıdakılardır:
- düzgün vaxt intervalında yığım
- silosun 6-8 mm həcmində kəsim
- taxılın tam doğranması
- siloslaşdırma üçün konservantlar (ehtiyac duyulduğu təqdirdə)
- qidanın sıxılması
- sıxılma zamanı qoruyucu örtüyün çəkilməsi
Bütün qeyd olunan şərtlərə yalnız yüksək gücə malik effektiv maşınların köməyi ilə nail olmaq mümkündür
- Cənab Zeyder, bu sahədə beynəlxalq təcrübəyə nəzər salsaq. Azərbaycanlı fermerlər hansı texnologiyalardan istifadə etsələr uğur əldə edə bilərlər?
- Müştərilərin fərqli istəklərini nəzərə alaraq, yüksək keyfiyyətli qida hazırlanması üçün CLAAS şirkəti geniş istehsal xəttini təqdim edir. Buraya silosyığan kombaynlar, press-toplayıcı maşınlar və “yaşıl xətt” üzrə bütün təkliflər, həmçinin logistikanı optimallaşdıran teleskopik toplayıcılar daxildir.
- Vasiliy, siz necə düşünürsünüz, bu gün innovasiyalar dünya aqrar sektorunda hansı rola malikdirlər ?
- Aqrar sektorda innovasiyaların tətbiqi vacib rol oynayır və iş prosesinin optimallaşdırılmasına səbəb olur ki, nəticədə istehsal artır. CLAAS şirkəti innovasiyalara böyük diqqət yetirir və hər il təkmilləşmə, yeni texnologiyaların hazırlanmasına 250 milyon avro dəyərində vəsait ayırır. Bu xüsusda silosyığan JAGUAR kombaynı misal çəkilə bilər. Belə ki, kombayn 3 növ taxıldoğrama mexanizmi, STOP-ROCK - daş-kəsəkdən qorunma sistemi, AUTO FILL avtomatik toplama sistemi, yığım zamanı rütubəti ölçən TELEMATICS sistemi ilə təchiz olunub.
- Azərbaycanın aqrar sahədəki biznes mühitini necə qiymətləndirirsiniz ?
- Azərbaycanın kənd təsərrüfatı bazarı genişlənməkdədir. CLAAS şirkətinin əsas hədəfi bu sahədə inkişaf və fermerlərin gəlirlərinin artması üçün optimal həll variantlarının təqdimatı, yerli istehsalçılar ilə bərabər fəaliyyət göstərməkdir.