Koronavirus pandemiyası dövründə ən az zərər görən, əksinə virusa qarşı faydaları aşkar edildiyinə görə, böyük tələbat olan çiyələk yığımı Azərbaycanda da başlayıb.
FED.az xəbər verir ki, hazırda Cəlilabada fermerlər çiyələk sahələrində yığımla bərabər məhsul ixracına da başlayıblar. Rayonda fəaliyyət göstərən çiyələk fermeri Mirağa Həsənov FED.az-a bildirib ki, ümumilikdə min hektardan artıq sahədə çiyələk əkini aparılıb: ««Çiyələklər Cəlilabada iki sahədə, Masallı rayonundan da bir sahədə yetişdirilir. 4-5 ay ərzində hektardan ortalama 20-30 ton məhsul yığmaq olur. Bu həm də fermerin qulluğundan asılıdır».
Yığılan məhsul əsasən Rusiya bazarlarına ixrac olunur: «Məhsulun 90-95%-i Rusiyaya, qalanı Qazaxıstana ixrac olunur. Artıq 8-9 maşın, təxminən 100 tona yaxın çiyələk ixraca gedib. Ötən il 1500-1600 ton ixrac etmişdik, bu il yəqin 2 min tondan yuxarı olar, çünki bu il məhsul boldur».
Mirağa Həsənovun sözlərinə görə, çiyələyin sahələrdən alınan qiyməti 1,5-2 manat ətrafındadır, ixrac qiyməti isə daha yüksəkdir, amma mövsümdən və şəhərdən asılı olaraq dəyişir: «Satış qiyməti bazara görə müəyyənləşir. Təqribən hər kiloqramda 30-50 qəpik qazanc olur. Amma bəzən zərər də edə bilərik».
Fermerin sözlərinə görə, indi əsas problem işçi qıtlığı və məhsulların sərhəddən keçməsi ilə bağlıdır: «Hazırda işçi və mütəxəssis problemimiz var. İşçi tapmaq olmur, məsələ bundadır ki, indi kartofun da yığılma mövsümüdür. İşçilər də harada ödəniş yuxarıdırsa, orada işləyirlər. Çiyələk yığımı üçün gündəlik ödəniş 12 manatdırsa, kartofda 16-20 manat verirlər. Ona görə də işçi çətinliyimiz var. Bir də görürsən günü 10 manata işləyən işçi indi 15 manat istəyir. Bu da məhsulun maya dəyərinə ziyan edir».
Mütəxəssis problemi isə fermerlərin çoxdankı başağrısıdır. M.Həsənovun sözlərinə görə, hazırda sahələrə düzgün qulluq üçün aqronom çatışmır: «Aqronom yoxdur, olanlar Türkiyədən gəlir, amma həm bahalıdır, yəni ayda 1500-2000 dollar maaş alır, həm də bildiyini vermir. Bölgədə 20-yə yaxın aqronom var, sovet dövründə qalma, amma onlar müasir dövrə cavab vermirlər».
Fermerlərin birbaşa işə təsir edən əsas problemlərindən biri də yük maşınlarının sərhəddən gec buraxılmasıdır: «Maşınlarımız Rusiya ilə sərhəddən çətinliklə keçirlər, sərhəddə 33-36 saat gözləyirlər, bu da məhsulun keyfiyyətini korlayır. Keçən il daha yaxşı idi, sərhəddən rahat keçirdilər, bu il vəziyyət pisləşib. Çiyələk də tez xarab olan məhsul olduğuna görə, dərhal təsir edir. Ona görə də biz sərf edir ki, məhsul sərhəddə cəmi 8-10 saat gözləsin».