Çiyələkçilik cəlilabadlı istehsalçıların son illər daha çox maraq göstərdiyi sahələrdən biridir. Rayonda müasir becərmə texnologiyasının tətbiqi ilə sahələrin növbəti mövsüm üçün 600 hektaradək artırılması planlaşdırılır. Payız fəslinin əvvəlindən başlanan yeni ştillərin torpağa köçürülmə prosesi də artıq yekunlaşıb.
Azərbaycanda İtaliya çiyələyi - 60-70 TON MƏHSUL VERİR - XARİCƏ SATILIR
FED.az xəbər verir ki, əsasən İtaliya və İspaniyadan gətirilən bu ştillər ilk öncə yerli şəraitə uyğunlaşdırılır. Onlardan alınan xırda “bığcıqlar” təxminən 40 gün müddətində qida elementləri ilə zəngin xüsusi qablarda becərilir. Daha sonra torpağa köçürülür. İstehsalçı Vüqar Musayev də bu mövsüm çiyələk sahəsini 7 hektara qədər artırıb. Hazırda “Murano”, “Anjelika” və “Salandirio” çiyələk sortlarının əkinini həyata keçirir. Bu sortlara daha çox üstünlük verilməsinin səbəbi xarici və daxili bazarda tələbatın çoxluğudur.
“Hər il olduğu kimi, bu il də hər hektara 60 min-70 minə yaxın ştil köçürürük. Bu il innovativ üsullarla əkdiyimiz ştildən çalışırıq ki, məhsuldarlığımız yüksək olsun. Bu ştillərin üstünlüyü ondadır ki, məhsuldarlığı bol olur, xaricə ixracında problemimiz olmur”, - deyə fermer Vüqar Musayev bildirib.
Fermer Aqil Bəşirov isə ştillərin qocalmaması üçün hər il onları yenilədiyini qeyd edib: “Yüksək tonnaj əldə etmək üçün İtaliyadan gətirdiyimiz ştillərdən istifadə edirik. Yaxın günlərdə örtükləmə işlərinə başlayacağıq. Bu örtüklərə başlamaqda məqsədimiz ştillərimizi soyuqdan qorumaqdır. Növbəti il aprel-may aylarında yığım işlərinə başlayacağıq”.
Mütəxəssislərin fikrincə açıq sahələrdə çiyələk yetişdirmə üsulunun bir sıra çətinlikləri var. Bütün bunları nəzərə alan fermerlər bir neçə ildir ki, əkin zamanı polietilen örtükdən istifadə edirlər. Burada suvarma yalnız damla vasitəsilə həyata keçirilir.
“Bu il rayonumuzda çiyələk sahəsində böyük göstəricilər əldə edilib. Belə ki, hər hektardan 260 sentnerdən artıq məhsul götürməklə 12 min 400 tona yaxın məhsul istehsal olunub. Məhsulun 11600 tonu ixraca yönəldilib. Builki göstəricilər bu sahəyə fermerlərin marağını artırıb. Buna görə də cari il rayonda 600 hektardan çox çiyələk sahəsi əkilməsi gözlənilir”, - deyə Cəlilabad DAİM-in sektor müdiri Mübariz Nadirov qeyd edib.
Qeyd edək ki, artıq iki ildir ki, ənənəvi olaraq bölgənin giləmeyvə istehsalçılarının iştirakı ilə Cəlilabad rayonunda “Çiyələk festivalı” keçirilir. Bu isə yerli sahibkarların və fermerlərin dünya bazarında xüsusi alıcılıq qabiliyyəti olan bu məhsulun inkişafına olan marağı daha da artırıb. (Azərtac)