Ölkənin iri taxılçılıq rayonlarından olan Cəlilabadda taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Hazırda rayonun dağətəyi və dağlıq ərazilərində biçin işləri aparılır. Sahələrdə yetişdirilən bol məhsulu vaxtında və itkisiz toplayan fermerlər tarlalarda artıq yay şumuna başlayıblar.
Eləcə də bax: 2 min hektarlıq təsərrüfat: Hər hektardan 6,5-7 ton buğda, 14-16 ton qarğıdalı götürür
FED.az xəbər verir ki, respublikanın taxılçılıq üzrə ixtisaslaşmış rayonlarından olan Cəlilabadda bu il 72 min hektardan artıq sahədə dənli bitkilər yetişdirilib. Əkin sahələrinin 80 faizdən çoxunu dəmyə əkinçiliyi təşkil edən rayonda iyun ayından başlayan kütləvi taxıl biçini kompaniyası yekunlaşmaq üzrədir. Məhsulun itkisiz və optimal müddətdə biçilib başa çatdırılması üçün ərazi üzrə 100-dən artıq taxılbiçən kombayn dislokasiya olunub. Bu günədək 5296 hektar arpa biçini, 56 min 300 hektar buğda, 5 min hektar sahədə isə vələmir biçini başa çatıb. Ümumilikdə 180 min tondan çox taxıl məhsulu tədarük olunub. Orta məhsuldarlıq arpada 25 sentner, buğdada 29,2 sentner qeydə alınıb. Biçinlə yanaşı, mövsümün vacib aqrotexniki tədbirlərindən biri də yay şumunun vaxtında aparılmasıdır. Bununla bağlı, artıq Cəlilabad Bölgə Təcrübə Stansiyasının əməkdaşları sahələrdə fermerlərlə maarifləndirici tədbirlərə başlayıb.
“Əmək” ordenli fermer Etibar Hüseynov deyib: ”Biz bu illəri 50 hektardan çox sahədə taxıl əkmişik. Özəl toxumçu təsərrüfatçıyam. Biz hektara 30-35 sentner məhsul götürmüşük. Biçin işləri artıq yekunlaşıb. Biçin başa çatan kimi dərhal yay şumuna başlamışıq. Bunu qısa müddətdə tamamlayacağıq. İşlərimiz yaxşı gedir. Heç bir çətinliyimiz yoxdur”.
Fermerlərin sözlərinə görə, bölgədə torpaqdan səmərəli istifadə etməklə, yüksək gəlir götürmək üçün ardıcıl aqrotexniki tədbirlər zamanı elmi cəhətdən əsaslandırılmış kompleks əkinçilik sisteminin tətbiq edilməsi vacib şərtdir.
Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru Şahlar Əsədullayev deyib: “Bildiyiniz kimi, ümumi respublika ərazisində olduğu kimi Cəlilabad rayonunda da biçin işlərinin ardınca biz yay şumuna başlamışıq. Bizim torpaqlarda məhsul suvarılma hesabına başa gəlmir. Bizim ərazilər dəmyə olduğu üçün yağmurların hesabına məhsuldarlığı artırmış oluruq. Bizdə torpaqda olan nəmliyi qorumaq məqsədilə torpaq səthində olan kapilyarları yay şumu vasitəsilə məhv edərək həmin nəmliyi növbəti məhsul üçün qoruyub saxlanmasına şərait yaradırıq. Bu gün də sahədə texnikalarımız işləyir. Yay şumu aparılır. Bu faydalı işləri növbəti məhsulu əkənə kimi davam etdirəcəyik”.
Qeyd edək ki, ölkənin un və un məhsullarına olan tələbatının ödənilməsində əsas yeri ərzaqlıq buğda tutur ki, Cəlilabad rayonunda da xüsusilə bərk buğdanın əkininə bu il geniş yer verilib. Hazırda rayonunun Muğan hissəsində biçin işləri yekunlaşıb, dağətəyi və dağlıq ərazilərdə isə biçin sürətli mərhələdədir. Bununla bağlı dağlıq relyefə uyğun 4 ədəd müasir tipli kombayn əraziyə cəlb olunub. (Azərtac)