Müasir dövrümüzdə gülçülük kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri kimi önə çıxır. Ötən əsrin ortalarında Bakının kəndlərində gülçülük təsərrüfatları və sovxozları fəaliyyət göstərib. Bu təsərrüfatlar məhsuldarlığına görə həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin ediblər. Bu gün isə ölkəmizdə gülçülük sektoru inkişaf edərək yeni mərhələyə qədəm qoyub.
Xaricdən biri 4-5 manata gətirilirdi, indi Azərbaycanda - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, Şəmkir rayonunda yerləşən, müasir tələblərə cavab verən və tam sənaye səviyyəsində avadanlıqla təchiz olunan qızılgül istixana kompleksinə baş çəkilib.
İstixana təsərrüfatlarında 2012-ci ilin sentyabr ayından etibarən 1 hektar ərazidə damla suvarma texnologiyası ilə qızılgülün yetişdirilməsinə başlanılıb.
Baş aqronom Əli Qurbanov bu təsərrüfatlarda ilin bütün günlərində yığım prosesinin getdiyini deyib: “İstixanalarımızda hər gün dərim aparılır. Təsərrüfatımızda Hollandiyadan gətirilmə xüsusi kəsim üçün 15-ə yaxın xarici qızılgül növü mövcuddur. Məhsulumuzun hamısı yerli bazar üçün hazırlanır. Bakı şəhəri və bizə yaxın olan bölgələrdə satışlarımız həyata keçirilir. Yerli bazarda gülə tələbat çoxdur”.
İstixanalarda güllər tam torpaqsız mühitdə, xüsusi mineral substratlarda yetişdirilir. Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və s. proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur.
“Hər gün səhər tezdən gün çıxmamış istixanada kəsim prosesi aparılır və gün çıxana qədər davam edir. Ondan sonra isə aqrotexniki qulluq və digər proseslər aparılır. İllik istehsal gücümüz 2-3 milyon ədəddir. Hazırda 2 hektar ərazidə 40-a yaxın işçi çalışır. İstixanalarda qızılgül sektorunda aparıcı brendlər olan “Avalanche”, “Candy Avalanche”, “Myrna”, “Wow”, “Fiorenza”, “Peach Avalanche”, “Red Naomi” qızılgül sortları yetişdirilir”, - deyə mütəxəssis bildirib.
Həmçinin diqqətə çatdırılıb ki, ölkəmizdə xüsusi kəsim üçün yerli qızılgül tingləri və digər sort güllər də yetişdirilir. (Azərtac)