Bu il Zaqatalada şabalıd məhsulu az, qiyməti isə ötən ilə nisbətən bahadır. Sakinlər və mütəxəssislər bunu qeyri-sabit hava şəraiti və yayılan xəstəliklə əlaqələndirirlər.
Təsərrüfatın böyük bir hissəsi fındıqçılıq olan rayonda məhsuldarlıq azdır - 1 kiloqramı 4-4,50 manatdır
FED.az xəbər verir ki, Böyük Qafqazın cənub yamacları boyunca uzanan Şəki-Zaqatala bölgəsində şabalıd ağaclarına daha çox rast gəlinir. Zaqatalanın dağətəyi kəndlərində isə hələ ötən əsrdən etibarən şabalıdın kütləvi əkilib-becərilməsinə başlanılıb. Rayonun Car, Mamrux, Yuxarı Çardaxlar, Ələsgər, Sabunçu kəndlərində şəxsi təsərrüfatlarda, eləcə də meşə ərazilərində şabalıd yetişdirilir. Şabalıdın yığımına sentyabrın sonundan başlanılır və noyabr ayına kimi davam edir.
Son illər şabalıd ağaclarında, onun yarpaqlarında xəstəliklər daha çox yayılıb və bu da məhsuldarlığa xeyli təsir göstərir.
Ağaclarda quruma hallarının cavanlaşması və müxtəlif xəstəliklərin meydana gəlməsi ilə bağlı sualımızı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsinin aparıcı elmi işçisi Nərgiz Abdullayevaya ünvanlayırıq. Mütəxəssis bildirir ki, son illər müəyyən xəstəliklərin, zərərvericilərin artması şabalıd bitkisində məhsul istehsalının azalmasına gətirib çıxarıb. “Artıq 15-20 ildir ki, ağaclar “gövdə yanığı” - bakterial nevroz, ya da “qabıq xərçəngi” adlandırılan xəstəliklərdən məhv olur, quruyur. 2019-cu ildən isə yeni zərərverici meydana gəlib. Bu zərərverici “şabalıd qal arısı” (“dryocosmus kuriphilus”) adlandırılır. Bu xəstəlik zamanı şabalıd tumurcuqlarında qabarıqlar əmələ gəlir”, - deyən N.Abdullayeva onu da əlavə edir ki, bu il meşə zolağına yaxın ərazilərdə, xüsusilə Yuxarı Çardaxlar, Car, Meşleş və digər kəndlərdə məhsulun 80 faizə yaxını məhv olub.
Mütəxəssis bildirir ki, prosesin qarşısının alınması üçün kimyəvi, mexaniki və aqrotexniki mübarizə tədbirlərinin görülməsi vacibdir. Sovet dövründə helikopterlərlə ümumi mübarizə üsulu kimi çiləmə aparılırdı və faydası da olurdu. Amma hazırkı dövrdə bu mübarizə üsulu keçərli deyil. Çünki əksər təsərrüfatlarda arıçılıq da inkişaf etdirilir. Digər tərəfdən mal-qara, toyuq-cücənin belə kimyəvi çiləmədən zərər görmə ehtimalı böyükdür. Mütəxəssis son dövrlərdə bəzi təsərrüfatlarda dronlarla kimyəvi çiləmənin tətbiq edildiyini diqqətə çatdırır. Lakin təəssüflər olsun ki, hər kəs bunu şəxsi vəsaiti hesabına etməli olduğundan mübarizə kütləvi aparılmır.
Təsərrüfat sahiblərindən də mövzu ilə bağlı fikirlərini öyrənirik. Mamrux kənd sakini İlham İbrahimov deyir ki, onun təsərrüfatında 20 ədəd bar verən ağac var. Bir o qədər də yenisini əkib. İlham hər il ağaclarına lazım olan aqrotexniki qulluq göstərsə də, bu mübarizə kütləvi aparılmadığından səmərə vermir. Həmin zərərvericilər qonşuluqdakı bağlardan yenidən yayılır. Təsərrüfat sahibi bağlarda kütləvi aqrotexniki və kimyəvi tədbirlərin görülməsini vacib hesab edir.
Bəs görəsən, təsərrüfat sahibləri indi məhsulunu hansı qiymətə satırlar?
Məlum olur ki, onların çoxu məhsulunu satmağa tələsmir. Çünki bu il məhsul az olduğundan qiymətlərin də artma ehtimalı var. Cülcənnət İbrahimova ilə söhbətdən bəlli olur ki, hazırda Zaqatala bazarında şabalıdın satışı da azalıb. Təsərrüfatında 30 ağac şabalıdı olan Gülcənnət İbrahimovanın sözlərinə görə, keçən il bir tona yaxın məhsulu vardı və kiloqramını 3-4 manata satıb. Bu il isə 7-8 manata, hətta daha baha qiymətə satanlar var. O, bağdan yığdığı məhsulu hələ bazara çıxarmadığını bildirir.
Yazını mütəxəssis Nərgiz Abdullayevanın fikirləri və tövsiyələri ilə tamamlamaq istərdim. Onun qənaətinə görə, yeni tingliklərin salınması və əkinlərin aparılması vacibdir. Bununla yanaşı, kimyəvi üsullarla mübarizə də kütləvi aparılmalıdır. Əks halda şabalıd bağlarında zərərvericilərə və xəstəliklərə qarşı görülən tədbirlərin faydası və səmərəsi yetərli olmayacaq. (Azərtac)