Ötən il Ağdam rayonunda 2450 kiloqram barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi nəzərdə tutublar.
Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Baxşeyiş Əliyev bildirib ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 300 qutu (5700 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 120-dən çox ailəyə paylanılıb. Cari mövsümdə 15 ton barama istehsalı nəzərdə tutulub.
Baramaçılığın vaxtilə Ağdam rayonunda inkişaf etmiş sahələrdən olduğunu deyən B.Əliyev 1980-ci illərdə hər il rayon üzrə 300 tondan artıq barama istehsal edildiyini, lakin 1992-ci ildən sonra barama istehsalının dayandığını bildirib. Qeyd edib ki, uzun fasilədən sonra ötən il ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə payız mövsümündə rayon ərazisində 40 min ədəd tut (çəkil) tingi əkilib.
Vaxtilə rayonun Qaradağlı kəndində də əhalinin əsas məşğuliyyət növlərindən biri baramaçılıq olub. Odur ki, kənd sakinləri ölkəmizdə baramaçılığın yenidən inkişaf etdirilməsini razılıqla qarşılayırlar.
Kənd sakini Elçin Kərimov deyib: “Baramaçılıq sahəsində zəngin təcrübəmiz var. Eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, çox sevindik. Ötən il düşmənin kəndi artilleriya atəşinə tutmasına baxmayaraq, ipəkqurdu bəsləyib barama istehsal edənlər xeyli gəlir qazandılar. Odur ki, tərəddüd etmədən bu il mən də ipəkqurdu götürdüm”.
Keyfiyyətindən asılı olaraq baramanın bir kiloqramının qiymətinin 9 manatadək dəyişdiyini deyən E.Kərimov 100 kiloqramdan çox barama istehsal edəcəyini proqnozlaşdırır.
Azertag©