Ölkəmizin kənd təsərrüfatında nektarin əkini, fermerlərin bu meyvəyə marağı son illərdə artıb. Hazırda nektarin bağlarında əsrarəngiz, gözoxşayan mənzərə müşahidə edilməkdədir.
Meyvələrin qiyməti artacaq? - Dəyişkən hava bazara necə təsir edəcək? - VİDEO
FED.az xəbər verir ki, vətəni Çin olan şaftalının bir növü olan nektarin ağaclarına son illər ölkəmizdə də fermerlərin marağı artmaqdadır.
Ən maraqlısı isə odur ki, hazırda çiçəkləyən bu ağacların budanmasına başlanıb. Bu, qeyri-ənənəvi proses sayılsa da fermerlər bunun məhsuldarlığı artırmağa yönəldiyini bildirirlər. Bunun nəticəsində bir ağac təxminən 20 kiloqramdan çox məhsul verə bilir.
Son on ildə nektarinə maraq ölkəmizdə çoxaldığından bir çox bölgələrdə bu meyvənin kütləvi əkininə başlanılıb. Nektarin düzən ərazilərdə, isti iqlim şəraitində yaxşı inkişaf edir. Susevər meyvə sayılan nektarin şaftalıya bənzəyən, lakin qabığı tüksüz olan və daha sərt, daha şirin bir dadı olan meyvədir. Bu meyvə ağacı əkildiyi ildən cəmi bir il sonra məhsul verməyə başlayır. Son dövrlər Tovuzda da fermerlər bu meyvənin bağlarını salıblar.
“1990-cı ildən bu işlə məşğulam. Nektarin çox gözəl, keyfiyyətli meyvədir. Həm də qiyməti bazar tələbatına uyğun meyvədir. Təxminən 10 ildir ki, bu nektarin sortu qardaş Türkiyədən və başqa ölkələrdən gəlib. Ümumiyyətlə daha yaxşı olar ki, çəyirdəkli meyvələr çiçəkli halda budansın. Məqsəd odur ki, meyvələr iri olsun”, - deyə budamaçı Kamran Əliağaoğlu bildirib.
Budamaçı Firuz Poladov deyib ki, ağacın yükünü azaldanda meyvə sürətli inkişaf edir: “Hazırda keyfiyyətə diqqət yetirildiyindən sağlam və iri meyvə əldə etmək lazımdır. Elə adamlar var deyir ki, ağacı çiçəkli vaxtı budamaq olmaz. Ancaq biz 10 ildir ki bunu təcrübədən keçirmişik və görürük ki, bu vaxt budama olunanda bol məhsul alınır”.
Nektarini ildə iki dəfə budayırlar. Bir dəfə indi, növbəti dəfə isə yayda yaşıl yarpaqlı olan vaxtlarda. Bağda budanma zamanı yerə atılan çiçəkli budaqlar isə kənara atılmır. Elə sahədə texnika vasitəsilə xırdalanıb torpağa atılır.
Mütəxəssislər deyir budamanı naşı adam aparmamalıdır. Budamaçılar deyir ki, nektarindən başqa badamın, əriyin və bəzi meyvə ağaclarının çiçəkli halda budanmasını aparmaq olar. Burada məqsəd məhsuldarlığı artırmaq, meyvənin böyüklüyünü təmin etmək və ağacı uzun müddət cavan, məhsuldar saxlamaqdır. Belə olanda bar verən ağacın ömrü də uzanır. (Azərtac)