Bərdə rayonunda torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri soğandır. Soğan istehsalçıları bir neçə ildir ki, müasir becərmə texnologiyalarını tətbiq edərək, yüksək məhsuldarlığa nail olurlar.
Eləcə də bax: «Bərdəlilər soğan əkinindən 13 milyon qazanıblar» – İCRA BAŞÇISI AÇIQLADI
FED.az xəbər verir ki, Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev bildirib ki, ötən il respublika ərazisində iki min hektara yaxın soğan əkilib. Ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan və Tərtər rayonlarının payına düşür. Bərdə rayonu ərazisində əsasən payızlıq soğan becərilir. Bu rayonda keçən il 750 hektar sahədə soğan əkilib, 35 min ton məhsul istehsal edilib. Məhsul daxili bazarla yanaşı Rusiya, Gürcüstan və Avropa ölkələrinə ixrac olunub. Soğanın hər kiloqramı orta hesabla 30 qəpiyə satılıb.
Vüqar Babayev qeyd edib ki, bərdəli fermerlər son illərdə damcı suvarma üsulundan, daha məhsuldar toxumlardan istifadə etməklə məhsuldarlığı yüksəldiblər. Elə rayonun Qazıqurdalı kənd sakini Elman Qasımov da 7 ildir müasir becərmə texnologiyasından, damcı suvarma sistemindən istifadə edir. Damcı suvarma sisteminin üstünlükləri barədə məlumat verən fermer deyib: "Bitkiləri bu sistemlə suvardıqda vaxt və su itkisinə yol verilmir, su bitkilər arasında bərabər paylanır. Torpağın münbitliyi pozulmur, qaysaq əmələ gəlmir. Parazit qurdlara qarşı mübarizə və mineral gübrələrin verilməsi daha səmərəli olur. Soğanın görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq hər hektara 10-15 ton yüksəlir".
Fermer deyib ki, 2019-cu ildə 10 hektar soğan bitkisi becərib, hər hektardan 700 sentner məhsul əldə edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə məhsulun satışında problem olmayıb. İstehsal edilən soğan daxili və xarici bazara çıxarılıb.
Rayonun Dəymədağalı kənd sakini Yaşar İbrahimov isə bildirib ki, soğan soyuğa davamlı və işıqsevən bitkidir. Yazlıq soğan fevral-mart aylarında, payızlıq soğan isə sentyabr aylarında səpilir. Soğan istehsalında yüksək nəticəyə nail olmaq üçün, ilk növbədə, məhsuldar toxumlardan istifadə edilməli və aqrotexniki qaydalara düzgün əməl olunmalıdır.
Fermer soğanın becərilməsində ən mühüm işlərdən birinin suvarma olduğunu deyib: “Əvvəllər arx üsulu ilə suvarırdıq. İndi isə damcı suvarma üsulundan istifadə edirik. Bu üsulla suvarmaq daha asandır. Bir subartezian vasitəsilə adi üsulla gün ərzində 2 hektar, damcı üsulu ilə isə 4 hektar sahə suvarılır. Damcı suvarma sistemini quraşdırmaq üçün dövlətimiz də dəstək göstərir. Şlankları 40 faiz güzəştlə almışıq. Sahəmizdə bol məhsul olacağı gözlənilir. May ayında məhsul yığımına başlayacağıq”.
Azərtac