Peyk təsvirləri və ənənəvi qiymətləndirmə metodları əsasında Azərbaycan üzrə geniş ərazilərdə məhsuldarlıq proqnozlaşdırıla bilər.
Sığortalanan əkinlərin sahəsində 6% artım qeydə alınıb
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.
"Bunun üçün müxtəlif bitki və vegetasiya indeksləri hesablanır və çöl müşahidələri ilə birlikdə modelləşdirilir ki, nəticədə daha dəqiq məhsuldarlıq göstəriciləri əldə olunsun", - İ. Baxışov qeyd edib.
Onun sözlərinə görə, kosmik texnologiyalar dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da aqrar sektorda geniş tətbiq olunur: "Xüsusilə orta orbitdə yerləşən iqlim peykləri vasitəsilə əldə edilən məlumatlar daha dəqiq hava proqnozlarının hazırlanmasına imkan yaradır ki, bu da açıq sahələrdə fəaliyyət göstərən aqrar sektor üçün mühüm əhəmiyyət daşıyır.
Peyk məlumatları aqrar sahədə müxtəlif istiqamətlərdə istifadə edilir. Məsələn, naviqasiya peykləri kənd təsərrüfatı texnikalarının izlənməsi və planlaşdırılmasına kömək edir ki, bu da sərf olunan maliyyə resurslarına qənaət etməyə imkan verir. Telekommunikasiya peykləri isə rabitə infrastrukturu olmayan ucqar bölgələrdə internet bağlantısını təmin edir.
Bundan əlavə, Yerin məsafədən müşahidəsi peyklərindən əldə edilən məlumatlar əsasında hazırlanan istinad xəritələri torpaq tipləri, əkin sahələri, torpağın münbitlik dərəcəsi, şorlaşma səviyyəsi və qrunt sularının dərinliyi kimi vacib göstəriciləri müəyyən etməyə kömək edir".
İ.Baxışov vurğulayıb ki, bu peyklər eyni zamanda aqrar sığorta sahəsində risk analizlərinin aparılmasını da təmin edir: "Belə ki, peyk vasitəsilə tərtib edilən risk xəritələri sayəsində quraqlıq, daşqın və digər təbii fəlakətlərin başvermə ehtimalı öncədən müəyyən edilə bilir. Hətta su anbarlarının və çayların daşması nəticəsində hansı ərazilərin su altında qalacağı kimi risklər də əvvəlcədən hesablanır. Bu məlumatlar xüsusi bazalarda saxlanılır və fermerlər üçün indeks əsaslı yanaşmalarla qiymətləndirmə aparmağa imkan yaradır.
Eyni zamanda, peyk texnologiyaları sığorta hadisəsi baş verdikdən sonra dəymiş zərərin qiymətləndirilməsinə də kömək edir. Hadisə geniş əraziləri əhatə etdikdə, peyk təsvirləri vasitəsilə zərərin miqyasını və təsirlərini dəqiq müəyyən etmək mümkündür". (Report)