Azərbaycanın gül istehsalçıları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin bazarlarını ixrac üçün nəzərdən keçirir.
Azərbaycan gül ixracı bazarını - GENİŞLƏNDİRİR
FED.az xəbər verir ki, bunu Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov deyib.
O qeyd edib ki, hazırda bu ölkənin bazarları araşdırılır: “Azərbaycanın gül ixracında əsas bazarı Rusiya olub. Lakin 2022-ci ildə bu istiqamətdə tədarük azalıb, bu isə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindəndir”.
C.Axundovun sözlərinə görə, ötən il Özbəkistana qızılgül test partiyası göndərilib: “Bu ölkəyə, müsbət cavab alınan təqdirdə ixraca başlanacaq. Lakin Özbəkistanın özünün də gül istehsalı son illər inkişaf edib”.
Assosiasiya sədri yerli bazardakı tələbata toxunaraq vurğulayıb ki, hər zaman bayramlardan əvvəl satışlar artır: "Ölkədəki gül tələbatının 70 % yerli istehsal hesabına qarşılanır. Hazırda Azərbaycanda qızılgüllərin illik istehsalı təqribən 15 milyon ədəd təşkil edir. Bu güllərə yerli bazarın tələbatı təxminən 13-15 milyon ədədə bərabərdir. Amma başqa növ güllərin istehsal həcmi ilə bağlı dəqiq statistika yoxdur. Onların həcmi illik təqribən 5 milyona yaxın ola bilər".
C.Axundov qüllərin qiymətində dəyişiklik olmadığını da diqqətət çatdırıb.
Qeyd edək ki, gülçülük sənayesində əsas rolu qızıl güllər oynayır. Azərbaycanda indi qızılgül istehsal edən dörd ən iri istixana kompleksi var. Bu komplekslər sənaye üsulu ilə qızılgül istehsal edirlər. Bunlar Zirədə yerləşən “Az-Roza” şirkətinə, Qala kəndində “Azerbaijan Flowers Company” şirkətinə, Qəbələdə “Azrose” şirkətinə, Şəmkirdə “AzAqro” şirkətinə məxsus istixanalardır. Azərbaycanın ümumi gülçülük sektorunun yarıdan çoxunu həmin sənaye müəssisələrində istehsal olunan güllər təşkil edir
Xatırladaq ki, “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası”nın 2021-c ildə təsis olunub. (Report)