Azərbaycanda cənub bölgəsində kənd təsərrüfatlarında aqroturizm imkanları yaranmağa başlayıb.
FED.az xəbər verir ki, Lənkəranda "Yaşılçay" MMC-də 7 hektar sahədə çay plantasiyası salınıb və İstisu qəsəbəsində yeni aqroekoturizm kompleksi fəaliyyətə başlayıb.
Azərbaycanda aqroekoturizmə böyük maraq olduğundan bura üz tutan yerli və xarici turistlərə çay yığımında iştirak etmək və çay istehsalı prosesi ilə tanış olmaq imkan yaradılır. Belə ki, aqrar turizmə maraq göstərən şəxslər plantasiyalardan yığdıqları yarpaqları özləri fabrikdə qurudur, qablaşdırır və məhsulu 50 faiz güzəştlə satın almaq imkanı qazanırlar.
İstisu qəsəbəsinin aqroekoturizm imkanları böyükdür. Qəsəbədə 15 hektar sahədə salınan feyxoa, kivi, portağal, narıngi bağları həm sitrus meyvəçiliyinin, həm də aqroekoturizm inkişafında mühüm yer tutur. Bağa gələn insanlar burada dincəlmək imkanı qazanır, həm də orqanik məhsullarla qidalana bilirlər.
Lənkəran bölgəsində çiyələk istehsalına da maraq artmaqdadır. Son iki il ərzində Lənkəranda, o cümlədən Vilyan və Şağlaser kəndində 100 hektardan artıq çiyələk plantasiyası salınıb. Çiyələk istehsalının artması, onun xaricə satılması fermerlərin gəlirlərini artırır.
Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən salınacaq limon, portağal, narıngi, nar, fındıq və zeytun bağlarına görə fermerlərə yüksək əmsallı əkin subsidiyası ilə yanaşı, birdəfəlik əkin subsidiyası ödəniləcək. Qərarın qəbul olunduğu üç ay ərzində Lənkəran bölgəsində 50 hektardan çox sitrus bağı salınıb.