Lənkəranda çəltik (düyü istehsalı) sahəsində tətbiq edilən dəyər zənciri və yeni yanaşmanın tətbiq edilməsi bu sahədə biznesin səmərəsin artırıb.
Eləcə də bax: Azərbaycanda - DÜYÜ İSTEHSALI AZALIB
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə «Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı» dəyər zənciri layihəsinin təqdimatında bildirilib.
Qeyd edək ki, aqrobiznes dəyər zəncirlərinin yaradılması Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi sub-komponenti çərçivəsində innovativ fəaliyyətlərindən biridir.
Dəyər zənciri çərçivəsində Lənkəran, Astara və Masallı rayonlarından olan, 155 hektar sahəyə malik 11 fermerin “Faran” MMC emal müəssisəsi ilə əməkdaşlığı və onun vasitəsilə məhsulun bazara çıxışı nəzərdə tutulub. Emal müəssisəsinə alınmış müasir avadanlıq xətti sayəsində emal həcmi 8 dəfə artaraq 1 iş növbəsində 1 tondan 8 tona çatdırılıb. Müasir avadanlıq hesabına təmiz düyünün çıxışı 40%-dən 58%-ə çatıb. Qırıq düyünün çıxışı isə 30%-dən 8%-dək azaldılıb.
Azərbaycanda çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının qəbulundan sonra 2 il ərzində çəltikçilik sahəsinə yerli fermerlərin marağı artıb.Tədbirdə çəltik istehsalı ilə məşğul olan fermerlər bu sahənin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər, onların təklifləri qeydə alınıb.
Dəyər zəncirləri layihəsi ölkədə ilk dəfə olaraq müqavilə əsaslı təsərrüfatçılığı həyata keçirir. Bu model emal müəssisəsi ilə müqavilə bağlamış fermerlərin məhsul satışı probleminin tam şəkildə aradan qaldırılmasına əsaslanır.