Azərbaycanda yeni ərik sortunun əkilməsinə başlanılıb. FED.az xəbər verir ki, Qubada Türkiyədən gətirilən “Orange ruby” ərik sortu becəriləcək. Yeni ərik sortunun məhsuldarlığı yüksəkdir və yerli şəraitə tez uyğunlaşır.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Vahid Əliyev FED.az-a yeni növ əriklərin üstünlüklərindən danışıb.
O bildirib ki, yeni sort əriklər digər ərik növləri ilə müqayisədə yüksək məhsuldarlığı və tez məhsula düşməsinə görə fərqlənir: “Azərbaycanın yerli calaq sortları yaxşı olsa da, adətən tumurcuqları və zoğları ilkin yaz şaxtalarına məruz qalır. Bunun nəticəsi olaraq məhsuldarlığı 2-3 ildən bir verir. Amma “Orange ruby” ərik sortunun yerli ərik sortlarına nisbətən çiçəklənmə müddəti gec olduğuna görə, ilkin yaz şaxtasına da məruz qalmır”.
Yeni ərik sortunun digər əsas üstünlüyü onun çətirinin kiçik olması, yəni sadə desək, az yer tutmasıdır. V.Əliyev bildirib ki, yerli ərik ağacları iri gövdəli olduğuna görə, torpaq sahəsində daha çox yer tuturdular: «Yeni gətirilən ərik ağacları yığcam çətirə malikdirlər. Bu da hektarda ağacların sayını yerli sortlarla müqayisədə daha sıx əkməyə imkan verir. Bu ağacların məhsuldarlığı yerli sortlara nisbətən vahid sahədən çıxan məhsulun miqdarı daha yüksək olur. Bu da yeni ərik sortunun ən yaxşı xüsusiyyətlərindəndir. Yəni bu sort hektarda ağac sayının artırmağa imkan verir.
Belə ki, 1 hektar ərazidə 8x8-ə əkiləndə 156 ağac, 6x7-ə əkiləndə 238 ağac, 6x5-ə əkiləndə 333 ağac, 5x4-ə əkiləndə 500 ağac, 5x3 əkin sxemi ilə 666 ağac əkmək olur. Yən ağaclar arasında məsafə azaldıqca, ağacların sayı artır və daha çox ağac əkmək olur”.
V.Əliyev bildirir ki, yerli ərik sortları böyük çətirə malik olduğuna görə, köhnə ərik bağları 8x8, 8x6, 6x5 sxemi ilə əkilib. Başqa sözlə, bu sxemdə bir hektarda 150-330 arası ağac olub. Yeni sort ağaclar isə 5x4, 5x3-ə sxemi ilə də əkilə bilər. Nəticədə bir hektarda 500-660 ağac əkmək olur”.
Direktor müavini bildirir ki, hazırda dünyada intensiv bağçılığa üstünlük verilir: “Yəni ağac 3 yaşında 2-3 kilo, yaşlandıqca məhsuldarlıq 10, 15, 20, 30 kiloya qədər arta bilər. Nəticədə yeni intensiv meyvə bağlarının hektarından 45-50 ton məhsul almaq mümkündür. Məsələn, alma, gavalı və armudda belədir. Meyvə bağları bu hesablama ilə salınır və onların istismar müddəti 20-25 il olur. Ağacın məhsuldarlığı dördüncü ildən tədricən artmağa başlayır.
Müqayisə üsün bildirək ki, hazırda ölkədə meyvə bağlarının orta məhsuldarlığı hektardan 9 ton ətrafındadır. Yeni sortlar isə elə ilk illərdə hektardan 15-20 ton, intensiv qulluq olduqda isə növbəti illərdə 30-45 ton arasında məhsul götürməyə imkan verəcək”.
Hələlik yeni ərik sortunun qiyməti barədə danışmaq mümkün deyil, amma ekspert etiraf edir ki, yerli ərik sortlarına nisbətən builki meyvələrin dadı, rəngi, görünüşü daha yüksək olacaq.
Vahid Əliyev onu da qeyd edib ki, Azərbaycanın iqlim şəraiti çəyirdəkli meyvə bitkilərinin ölkənin bütün regionlarında becərilməsinə imkan verir: “Çəyirdəkli meyvələr xüsusilə Naxçıvanda daha yaxşı dad keyfiyyətlərinə malik olur. Amma bununla yanaşı, ölkəmizin digər bölgələrində də xüsusilə ərik bitkisi geniş becərilir. İqlim şəraiti Qazax, Gəncə, eləcə də Quba-Xaçmaz bölgələrində də çəyirdəkli meyvələrin becərilməsinə imkan verir”.