Nazirlər Kabineti “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiqləyib.
Qaydaya əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısı, girov qoyulması (ipotekası) və digər əqdlər, habelə başqa məqsədlər üçün istifadəsi ilə nəticələnən torpaqların kateqoriyalara aid edilməsinə və bir kateqoriyadan digərinə keçirilməsinə yol verilmir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi məcburi hüquqi qüvvəyə malik ərazi planlaşdırılması sənədlərinin (ümumi, baş və müfəssəl planların) dəyişdirilməsi ilə bağlı olduqda, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin (dövlət orqanlarının, istifadəsində torpaq sahəsi olmaqla, nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin) razılığı alınmadan vəsatət qaldırıla bilməz. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir.
Kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyalara keçirilməsi müqabilində dəyən zərərin və itkilərin ödənilməsi “Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti”nin 20 faizi həcmində müəyyənləşdirilir. Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarında yerləşən torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə vəsatətə həmin sistemlərin dəyəri və mülkiyyətçilərinə zərər vurulmadan onların qonşu kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə köçürülməsinin mümkünlüyü barədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin arayışı əlavə olunur. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsər-rüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.
Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, əhalinin həyatına və sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitariya tələblərinə, müvafiq normalara, qaydalara və normativlərə cavab verməyən torpaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılır və konservasiya edilməsi üçün “Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları”na uyğun olaraq dövlət ehtiyat fondu torpaqlarına keçirilir. Belə torpaqlarda rekultivasiya işləri aparılıb, sağlamlaşdırılanadək kənd təsərrüfatı məhsullarının istehsalı qadağan edilir. Ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qalmış torpaq sahələri texniki meliorasiya və yararlaşdırma (bərpa) işləri aparılanadək, təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılır və prosesin miqyasından asılı olaraq müvafiq ehtiyat fondu torpaqlarına keçirilir. Belə torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına həmin ərazilərin (sahələrin) yararlı hala salınmasından sonra “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə veril-məsi Qaydası”nın tələblərinə uyğun olaraq icazə verilir.
Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ı Kənd Təsərrüfatı Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Qış otlaqlarından əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin iqtisadi əsaslandırılması, habelə həmin torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi təmin edilir. Ehtiyat fondu torpaqlarının bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun ilə müəyyən edilən əsaslarla bağlı olduqda, mülkiyyətçidən, istifadəçidən (icarəçidən) torpağın alınması, yaxud onlara eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsinin verilməsi, habelə kompensasiyanın ödənilməsi qaydaları həmin qanunla tənzimlənir. Torpağın bir kateqoriyadan digərinə keçirilməsi zamanı onun hüquqi statusu, məqsədli təyinatı, hüquqi rejimi, kəmiyyət və keyfiyyət göstəriciləri, təbii-coğrafi şəraiti, o cümlədən təbii və antropogen landşaft xüsusiyyətləri və onların sabitliyi nəzərə alınır.