Dünyanın əksər regionlarında olduğu kimi, Azərbaycanda da quraqlıq – kənd təsərrüfatı və qida təhlükəsizliyi üçün böyük çətinliklər yaradır. İnsanın fəaliyyəti, eləcə də iqlim dəyişiklikləri nəticəsində baş verən quraqlıq prosesi kənd icmalarının inkişafına mənfi təmir edir, fermerlərin su resurslarına çıxışın çətinləşdirir, xərclərini artırır, böyük itkilər və aqrar biznes üçün risklər yradır.
Bu risklərin azaldılması üçün Azərbaycana uyğun olan su ehtiyatlarının idarə edilməsi və quraqlığın təsirinin aşağı salınması üçün dövlət siyasəti həyata keçirilməlidir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanlı gənc tədqiqatçılar - orta məktəb şagirdləri olan Həşim Sadıqov və Emil İsayevin «Quraqlığın Azərbaycanın kənd təsərrüfatı istehsalına təsirinin nəticələri» ( "The impacts of drought on agricultural production in Azerbaijan") haqqında araşdırmada bildirilir.
Araşdırmada quraqlığın tarixi və indiki təsirləri, iqtisadi nəticələri, onun səbəbləri və mübarizə üsulları nəzərdən keçirilir, idarəetmə təklifləri səsləndirilir.
Azərbaycanın diqqət mərkəzində olduğu bu araşdırmada digər ölkələrin – Qazaxıstan, Türkiyə, BƏƏ, Özbəkistan və Gürcüstanın quraqlıq idarə edilməsi təcrübəsi də müqayisə edilir.
Eyni zamanda tədqiqatda quraqlığın təsirinin yumşaldılması, itkilərin azaldılması, davamlı kənd təsərrüfatı təcrübələrinin təşviqi üzrə Azərbaycan hökumətinə tövsiyələr verilir.
Gənc tədqiqatçıların bu mühüm mövzu ilə bağlı araşdırması artıq rəsmi qurumların da diqqətini cəlb edib.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi «Quraqlığın Azərbaycanın kənd təsərrüfatı istehsalına təsirinin nəticələri» tədqiqatının müəlliflərini - Həşim Sadıqov və Emil İsayevi xüsusi sertifikatla mükafatlandırıb.
FED.az «Quraqlığın Azərbaycanın kənd təsərrüfatı istehsalına təsirinin nəticələri» araşdırmasından mühüm məqamları təqdim edir.
İqlim dəyişiklikləri və quraqlıq, onun yaratdığı risklər
Quraqlıq - kənd təsərrüfatında məhsuldarlığı ciddi şəkildə azaldan və qida təhlükəsizliyini təhdid edən bir fenomen olaraq, dünya miqyasında geniş yayılmışdır.
Tədqiqatda bildirilir ki, kənd təsərrüfatı quraqlığına orta səviyyədən aşağı yağıntılar və/yaxud orta səviyyədən yuxarı temperatur/külək səbəb olur ki, bu da torpaqlardan və bitkilərdən rütubəti buxarlandırır.
Quraqlıq, həm təbii amillərlə, həm də insan fəaliyyəti ilə əlaqədardır. İqlim dəyişikliyi, meşələrin qırılması və su ehtiyatlarının israfı, quraqlığın başlıca səbəblərindəndir.
Su çatışmazlığı və torpaq nəmliyinin azalması bitkilərin inkişafını məhdudlaşdırır, məhsuldarlığın azalmasına səbəb olur. Kənd təsərrüfatının məhsuldarlığının azalması, qida istehsalını azaldaraq, qida təhlükəsizliyi riski yaradır.
Tədqiqatda bildirilir ki, eyni zamanda quraqlıq kənd əhalisinin iqtisadi vəziyyətini pisləşdirir. Quraqlıqdan ziyan çəkən fermerlər, məhsul satışından gəlir əldə edə bilmədikdə, kasıblıq riski ilə üzləşirlər. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda, kənd təsərrüfatı üçün ciddi bir problemdir.
Məsələ təkcə iqtisadi təsirlərdə deyil. Quraqlıq - tozlanma, torpağın saxlanması və torpağın münbitliyi də daxil olmaqla kənd təsərrüfatı üçün əsas olan ekosistem funksiyalarını dəyişə bilər.
Dünyada Quraqlıq və onun İqtisadi Nəticələri
Tədqiqatda bildirilir ki, quraqlıq bütün dünyada böyük riskə çevrilib. Məsələn, təkcə ABŞ-da 2012-ci ildəki quraqlıq ilk növbədə kənd təsərrüfatı sektoruna (UCSUSA & NASA) təsir edərək 30 milyard dollar ziyan vurub. Eyni zamanda quraqlıqlar Avropa Birliyi və Böyük Britaniyada illik təxminən 9 milyard avro itkiyə səbəb olur.
Təkcə Kaliforniyada 2014-2016-cı illərdəki quraqlıq səbəbindən əkin sahələrində təqribən 2 milyard dollar, süd və heyvandarlıq sektorunda isə 553 milyon dollar itki yaradıb.
Avropada quraqlıqdan ən çox əziyyət çəkən Aralıq dənizi ölkələrdir - İtaliya və İspaniya, Yunanıstan, Türkiyə və İtaliyada quraqlıq şəraiti xüsusilə ağırdır. Ukrayna və Rumıniya da daxil olmaqla Şərqi Avropa ölkələri də quraqlıq yaşayır.
Quraqlıqlar Afrikaya da ciddi təsir edir. Tez-tez baş verən quraqlıqlar və məhsuldarlığın azalması səbəbindən üç ölkə - Zimbabve, Malavi və Zambiya fövqəladə vəziyyət elan edib.
Aclığın Erkən Xəbərdarlıq Sistemləri Şəbəkəsinə (FEWS NET) görə, bölgədəki bütün ölkələr 2024-2025-ci marketinq ilində normaldan aşağı ştapel istehsal edəcəklər: Malavidə azalma 45%, Mozambikdə 41 %, Zimbabvedə 55% və Zambiyayad 34% azalma olacaq.
Asiyada da vəziyyət heç də fərqli deyil. Çində həddindən artıq isti və quraqlıq ölkədə düyü məhsuldarlığını 8% azaldıb. Filippində 2019-2022-ci illər arasında hökumət 14,1 milyon ton düyü idxal etmək üçün 2,8 milyard dollar xərcləyib.
ABŞ-ın Quraqlıq Monitoru bildirir ki, əlavə bir həftə davam edən quraqlıq - suvarılmayan ərazilərdə məhsuldarlığı 0,1% -dən 1,2% azalda bilər, uzun sürən quraqlığın nəticələri daha böyük ola bilər.
Azərbaycanda Quraqlıq və Onun Təsirləri
Kənd təsərrüfatının ÜDM-dəki payı 5% təşkil etsə də, aqrar sahə Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Eyni zamanda ölkə əhalisinin üçdə biri aqrar sahədə çalışır.
Belə bir vəziyyətdə quraqlıq, su ehtiyatlarının azlığı, ərzaq istehsalında ciddi problemlərə yol açır.
Azərbaycanlı gənclərin tədqiqatında bildirilir ki, Quraqlığın nəticələri təsərrüfat məhsullarının tədarükçülərindən tutmuş fermerlərə və istehlakçılara qədər bütün qida sistemində hiss olunur.
Məhsuldarlığın azalması, ərzaq qiymətlərinin artması və kənd yerlərində yaşayan əhalinin gəlirlərinin azalması kimi mənfi nəticələrə səbəb olur.
Tədqiqatda Azərbaycanın su və torpaq resurslari, kənd təsərrüfatının quruluşu, eyni zamanda iriqrasya təcrübələri və su istifadəsi səmərəliliyi geniş araşdırılır.
Belə ki, Azərbaycanın böyük çayları qarla, kiçik çayları isə yeraltı sularla qidalanır. Ölkənin ən böyük çayı başlanğıcını Türkiyədən götürən 1515 kilometrlik Kür çayıdır.
Ölkənin əsas torpaq resursları xüsusilə Kür-Araz ovalığında geniş yayılmış çernozem torpaqlarıdır. Ölkədə əkinə yararlı 1,9 milyon hektar ərazinin 1,5 milyon hektarı suvarılır. Daimi otlaqlar 2,5 milyon hektar, meşələr isə 1 milyon hektarı təşkil edir.
Bu torpaqlarda əsasən buğda, arpa, qarğıdalı, pambıq, üzüm, kartof, tərəvəz və meyvələr istehsal olunur. Azerbaycanda ən çox becərilən dənli bitkilər buğda və arpadır. 2022-ci ildən etibarən, Azərbaycan Cənubi Qafqazda 2 milyon tondan çox buğda istehsal edərək ən böyük istehsalçı olub.
Amma quraqlıq və digər problemlər əkinlərin məhsuldarlığını ciddi şəkildə azaldır. Məsələn, 2000-2001-ci illərdəki quraqlıq taxıl məhsuldarlığının kəskin aşağı düşməsi ilə nəticələnib.
Quraqlıq və su qıtlığı - heyvandarlıq əkinçiliyinə də mane olur, nəticədə bu problemdən heyvandarlıq sektoru da mənfi təsirlənir.
İriqrasya Təcrübələri və Su İstifadəsi Səmərəliliyi
Su resurslarının məhdudluğu səbəbindən Azərbaycanın kənd təsərrüfatı sektoru üçün suvarma çox önəmlidir. Lakin suvarma sistemləri səmərəli deyil, bəzi bölgələrdə su itkiləri 60%-ə çatır.
Tədqiqatda bildirilir ki, bu vəziyyət fermerlərin su əldə etməkdə üzləşdiyi çətinlikləri artırır, suvarma imkanlarını məhdudlaşdırır və itkilərə səbəb olur.
Problemi aradan qaldırmaq üçün sudan daha qənaətlə istifadə edən damcı suvarma və pivot sistemləri tətbiq edilir. Hökumət, müasir suvarma alətləri və texnologiyalarının istifadəsini dəstəkləmək məqsədilə xərclərin bir hissəsini ödəyir.
Lakin, su resurslarının 70%-dən çoxunun qonşu ölkələrdən gəlməsi, Azərbaycanı su münaqişələri riski ilə qarşı-qarşıya qoyur. Buna görə, fermerlərin iştirakını təmin edən su resurslarının idarə edilməsi və inkişafı istiqamətində çalışmalara başlanmışdır.
Dünya üzrə Quraqlıqla Mübarizə Tədbirləri
Beynəlxalq səviyyədə quraqlıqla mübarizə üçün bir sıra strategiyalar mövcuddur. Bu, su idarəçiliyi, irriqasiya sistemlərinin inkişafı və kənd təsərrüfatında sığorta mexanizmlərinin tətbiqi ilə həyata keçirilir.
Tədqiqatın maraqlı hissəsi müxtəlif ölkələrin quraqlıq tarixinə və quraqlıqla mübarizə üzrə təcrübələrinin öyrənilməsinə həsr edilib.
Qazaxıstanda quraqlıq – «Qazax aclığı»
Məsələn, Azərbaycanla qonşu olan Qazaxıstanda 1919-1922-ci illərdə Sovet hökumətinin düzgün olmayan siyasəti nəticəsində yaranan quraqlıq – «Qazax aclığı» dövründə təxminən 400 000-dən 750 000-ə qədər insan aclıqdan və xəstəliklərdən həlak olub.
Bu ölkədə 1981-ci ildə baş verən quraqlıq nəticəsində isə SSRİ, öz daxili tələbatını ödəmək üçün xaricdən taxıl idxal etməyə məcbur olmuşdu.
2000-ci illərdə baş verən quraqlıq isə Qazaxıstanda taxıl istehsalında 50%-lik azalmaya səbəb olmuşdu. Onun nəticələrini təkcə Qazaxıstan özü deyil, Tacikistan, Özbəkistan, Qırğızıstan və Rusiya da hiss etdi.
Türkiyədə quraqlıq – Yüksək inflyasiya
Qardaş Türkiyədə isə, hansı ki, kənd təsərrüfatı olduqca zəngindir və iqtisadiyyatı Azərbaycanla çox uyğunluq təşkil edir, 1970-ci illərdəki uzunmüddətli quraqlıq taxıl istehsalında 30% buğda və 50% arpa azalmasına səbəb olub.
2007-2008-ci illərdə baş verən quraqlığın nəticələrini isə təkcə taxıl istehsalçıları deyil, bütün ölkə əhalisi hiss etdi. Buğda istehsalında 13% və arpa istehsalında 16% azalma qida qiymətlərinin artımı və inflyasiyanın yüksəlməsi ilə nəticələndi.
Türkiyədə baş verənlər quraqlığın təsirlərini azaltmaq üçün ölkədə su idarəetməsinin vacibliyini ortaya qoydu. Bu təcrübələr, Azərbaycanın öz kənd təsərrüfatı strategiyalarını formalaşdırmasında dəyərli dərslər təqdim edir.
Gürcüstanda quraqlıq – Şərtlər ağırlaşır
Tədqiqatda araşdırma üçün daha bir ölkə olaraq Azərbaycana qonşu və iqlim baxımından vəziyyətinə bənzər olan Gürcüstan seçilib.
Azərbaycan kimi Cənubi Qafqazda yerləşən Gürcüstanın kənd təsərrüfatı sektoru, əhalisinin 40%-i üçün əsas gəlir mənbəyidir. Burada becərilən üzüm, qarğıdalı quraqlığa çox həssasdır.
Gürcüstanda quraqlıq şərtləri getdikcə ağırlaşır, buna görə də hökumət fermerləri dəstəkləmək və quraqlığın təsirlərini azaltmaq üçün bir sıra siyasətlər tətbiq edir. Məsələn, 2017-2025-ci illəri əhatə edən Gürcüstanın Suvarma Siyasətinin əsas istiqamətlərindən biri suvarma infrastrukturunun inkişafını - suvarma sistemlərinin modernləşdirilməsi və fermerlər üçün suvarma xidmətlərinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsini nəzərdə tutur. Bu ölkənin təcrübəsi və siyasətin uğurları, Azərbaycan üçün də maraqlı nümunə ola bilər.
Özbəkistanda quraqlıq - Pambıq istehsalı 50% azalıb
Tədqiqatın daha bir obyekti Orta Asiyanın mühüm ölkələrindən biri olan Özbəkistandır. Özbəkistan təcrübəsi Azərbaycan üçün eyni məhsulların becərilməsi baxımından vacibdir.
Özbəkistanın iqtisadiyyatı kənd təsərrüfatına, xüsusən pambıq istehsalına çox güclü bağlıdır. Kənd təsərrüfatı ÜDM-nin 28%-ni təşkil edir və işçi qüvvəsinin 27%-ini məşğul edir. Ölkə, “ağ qızıl” adlandırılan pambığın dünya üzrə aparıcı istehsalçılarındandır. Kontinental iqlimi olan Özbəkistanda isti və quraq yayı, soyuq qış əvəz edir, bu da ölkəni quraqlığa qarşı həssas edir.
Məsələn, 2000-2001-ci illərdəki quraqlıq dövründə pambıq istehsalı 50%-ə qədər azalıb və ciddi iqtisadi itkilərə səbəb olmuşdu.
Son dövrlərdə quraqlığın təsiri, xüsusilə, 2020-ci ildə Amu Darya və Syr Darya çaylarından gələn suyun azalması ilə özünü göstərmişdir. Nəticədə ölkənin ərzaq təminatı məhdudlaşıb və idxaldan asılılıq artıb.
Quraqlıq təkcə aclıq deyil, həm də artan xərclərdir
Tədqiqatda bildirilir ki, quraqlıq fermerlərin xərclərini də artırır. Məsələn, İspaniyada su ehtiyatlarının azalması ilə suvarma suyu 30% bahalaşıb (Eurostat).
Almaniyada isə qrunt suları azaldıqca, fermerlər daha dərin su nasoslarından istifadə edir, bu da daha böyük enerji istehlakına və xərclərin 10-20% artımına səbəb olur.
Hindistanda isə daha dərin su quyularına ehtiyac və dizel nasoslarından daha tez-tez istifadə səbəbindən dizelin qiyməti 15-20%, enerji xərcləri isə 10-15% artdı.
Quraqlığa qarşı mübarizə: Həll yolları və təkliflər
Tədqiqatda quraqlığın qarşısının alınması və təsirinin azaldılması üzrə mühüm tövsiyələr də yer alıb.
1. Müasir suvarma sistemlərinə subidiyalar verin:
Azərbaycan xərclərin 80%-ni əhatə edən damcı və çiləyici suvarma sistemlərinin subsidiyalaşdırılması üzrə Qazaxıstanın uğurlu modelini qəbul edə bilər. Bu, xüsusilə Qobustan və Naxçıvan kimi quraq rayonlarda suyun səmərəliliyini artıracaq və məhsuldarlığı artıracaq.
2. Su idarəetmə sistemlərini təkmilləşdirin:
Qazaxıstan kimi Azərbaycan da öz köhnəlmiş suvarma infrastrukturunun modernləşdirilməsinə, quraq ərazilərdə kənd təsərrüfatı məhsullarından faydalanmaq üçün su idarəçiliyinin təkmilləşdirilməsinə sərmayə qoymalıdır.
3. Bitkilərin diversifikasiyası:
Türkiyədə tətbiq olunduğu kimi, Azərbaycanda da quraqlığa davamlı bitkilərin istifadəsi quraqlığın təsirlərini azalda bilər.
4. Milli Quraqlığın İdarə Edilməsi Strategiyası:
Türkiyənin “Milli Quraqlığın İdarə Edilməsi Strategiyası”na bənzər çərçivənin tətbiqi, xüsusilə Araz çayı hövzəsi kimi kritik ərazilər üçün regiona xas su idarəçiliyi və kənd təsərrüfatı dəstəyi təmin edə bilər.
5. Aqrar sığorta və maliyyə yardımı:
Azərbaycan qonşu Gürcüstanın yanaşmasından istifadə edərək məhsul sığortası və maliyyə yardımı sxemlərini həyata keçirə bilər. Bu Azərbaycan fermerlərini quraqlıq itkilərindən qoruyacaq, yağışın az olduğu dövrlərdə onların maliyyə sabitliyini təmin edəcək.
6. Regional Su Ehtiyatları Əməkdaşlığı:
Azərbaycan Araz çayı ilə bağlı İranla birgə su ehtiyatlarının idarə edilməsini həyata keçirməlidir. Suyun bölüşdürülməsi sazişləri və birgə idarəetmə layihələrinin müzakirəsi kənd təsərrüfatı rayonları üçün etibarlı su təchizatını təmin edə bilər.
Azərbaycanın ciddi iqdim dəyişiklikləri və quraqlıq riskləri ilə üz-üzə dayandığı bir dövrdə gənc araşdırmaçılar olan Həşim Sadıqov və Emil İsayev tərəfindən bu mövzuda tədqiqatın aparılması olduqca mühüm olmaqla, ictimaiyyətin, elmi və biznes dairələrinin diqqətini bu vacib mövzuya cəlb edir.
Qarşıdakı dövrdə tədqiqatla bağlı Azərbaycanın müxtəlif elm mərkəzlərində dinləmələrin keçirilməsi nəzərdə tutulur.
«Quraqlığın Azərbaycanın kənd təsərrüfatı istehsalına təsirinin nəticələri» təqdiqatı (ingiliscə)