Azərbaycana konfet ağacı ilk dəfə 1936-cı ildə Çindən gətirilib.
Bunu FED.az-a Azərbaycanda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsinin aparıcı elmi işçisi Firdovsi Əliyev bildirib.
Eləcə də bax: Azərbaycan Rusiyaya hallabong meyvəsi - SATIR – KOREYADAN GƏTİRİLİR
Onun sözlərinə görə, konfet ağacı ilk dəfə 1936-cı ildə Göyçay dayaq məntəqəsində əkilib. 1937-ci ilə isə Göyçayda mənfi 18 dərəcə şaxta temperatur olduğuna görə, bütün ağaclar məhv olub və cəmi 2 ədəd bir illik ting qalıb.
«Bu ağacların hündürlüyü 20-30 metrə çatır. Çətirə oxşayır. Yarpaqları 10-15 sm uzunluğunda eni isə 5 sm olur. Konfet ağacları 5-6 il ərzində ilk meyvəsini verir. 12-15 ildən sonra tam gücü ilə məhsul verə bilir. Məhsuldarlığı 30-40 kiloqram olur»- deyə Firdovsi Əliyev bildirib.
Ağacın meyvəsi formaca maral buynuzuna oxşayır. Şirinliliyi 35% yuxarı olduğu üçün konfet ağacı deyilir. Firdovsi Əliyevin sözlərinə görə, bu ağacın meyvəsindən təbabətdə asma xəstəliyinə və mədə-bağırsaq xəstəliklərinə qarşı istifadə edilir. Həmçinin “konfet”dən şirniyyat hazırlanmasında da istifadə olunur.
«Dadı heç bir meyvənin dadına oxşamır. Çox şirin olur. Ən şirin meyvə bizdə ərik meyvəsidir. Konfet meyvəsi isə ərikdən 1,5 dəfə daha şirindir. Çində və Yaponiyda konfetdən piyvəyə oxşayan içki düzəldirlər. Oduncağı rəngli olduğuna görə, mebel sənayesində istifadə olunur. Azərbaycanda bu ağacdan cəmi 6 ədəddir»- deyə Firdovsi Əliyev bildirib.
«Bu ağacdan biri Şəmkirdə bazarın yanındadır, meyvə də verir. Konfet ağacının meyvəsi havalar soyuyandan sonra salxımından özü düşür yerə və yerdən yığılır. Elə də çox olmadığı üçün satılmır. İndi bizim idarənin həyətində ikisi var, biri 1936-cı ildə, biri də 1983-cü ildə əkilib. Göyçay rayonunda bu ağacdan 5 dənədir. Həmçinin icra hakimiyyətinin yanında da 2 konfet ağacı var. Ölkədə olan 6-cı konfet ağacı isə Şəmkirdə, bazarın qabağındadır. Bu ağac bərk torpaqları sevir. Bizim Şirvan bölgəsində əkilməsinə məsləhət görülür. Suvarılması adi ağaclardakı kimidir»- deyə Firdovsi Əliyev bildirib.