Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.
Bu il ən yüksək məhsuldarlıq 9 rayonda olub
Kənd təsərrüfatının ənənəvi sahələrinin sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb. Görülən tədbirlər isə aqrar sahənin inkişafında xüsusi rol oynayıb.
FED.az xəbər verr ki, mövzu ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının dinamik inkişaf tempi davam edir. Bu ilin yanvar-iyul ayları ərzində ölkəmizdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb. Artım həm bitkiçilikdə, həm də heyvandarlıqda müşahidə edilir. Belə ki, müqayisə olunan dövrdə bitkiçilik üzrə 0,2 faiz, heyvandarlıq üzrə isə 1,5 faiz artım qeydə alınıb. Göründüyü kimi, aqrar siyasət çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində sektorun ümumi inkişafında artım trendi qorunub saxlanır.
“Bu ilin ötən 7 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymərtlərlə 7,5 milyard manat təşkil edib ki, bunun da 48,9 faizi heyvandarlıq sahəsinin, 51,1 faizi isə bitkiçilik sahəsinin payına düşür”, - deyən Namiq Şalbuzov vurğulayıb ki, yanvar-iyul ayları ərzində kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyər Ümumi Daxili Məhsulun 6 faizini təşkil edib. Bu da ötən ilin analoji göstəricisi ilə eynidir.
Kənd təsərrüfatında ixracyönümlü və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalının dövlət tərəfindən dəstəklənməsi, bu sahənin inkişafına subsidiyaların ayrılması aqrar məhsulların xarici bazarlara ixracının artmasını təmin edir. Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini bildirib ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 540 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı və emal məhsulları ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının ixrac həcminin 8,5 faiz artması ixrac dinamikasının növbəti aylarda da davam edəcəyini söyləməyə əsas verir. Xüsusilə də, əsas ixrac məhsullarımızdan olan fındıq, xurma, nar, alma və digər bu kimi meyvələrin yığım dövrünün hələ qarşıda olduğunu nəzərə alsaq, ixrac göstəricilərinin daha da artacağını əminliklə deyə bilərik.
Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında pomidor, xurma, tütün xammalı, pambıq məhsulu və digər məhsullar önəmli yer tutur. Bu ilin ilk yeddi ayı ərzində xarici bazarlara pomidor ixracı məbləğ olaraq 12,2 faiz, xurma ixracı 1,9 dəfə, tütün xammalı 4,5 dəfə, pambıq mahlıcı 1,6 dəfə artıb.
Kənd təsərrüfatı bölgələrdə əhalinin məşğulluq səviyyəsinin təmin olunmasında əsas sahələrdən biridir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi sayəsində ölkədə məhsuldarlıq göstəriciləri yüksəlir, istehsal göstəriciləri artır. “Bu ilin yanvar-iyun aylarında ötən ilin ötən 7 ayı ilə müqayisədə bir sıra əsas kənd təsərrüfatı məhsulları üzrə istehsal göstəriciləri əhəmiyyətli dərəcədə çoxalıb. O cümlədən, diri çəkidə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz, şəkər çuğunduru istehsalı 2,4 dəfə, meyvə və giləmeyvə istehsalı, 5,1 faiz, bostan məhsullarının istehsalı 10,3 faiz, tərəvəz məhsullarının istehsalı 0,2 faiz artıb”, - deyə Namiq Şalbuzov qeyd edib.
Onun sözlərinə görə, qlobal iqlim dəyişikliklərinin bütün dünyada olduğu kimi, ölkəmizin də kənd təsərrüfatına mənfi təsirləri artmaqdadır. Buna rəğmən dayanıqlı əkinçilik praktikasının tətbiqinin ildən-ilə genişləndirilməsi, torpaq və su resurslarından səmərəli istifadənin dövlət dəstəyi mexanizmləri hesabına artırılması iqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirini minimuma endirir. Xüsusilə də, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikalarının alışına, damazlıq heyvan alışına dövlət tərəfindən güzəşt vəsaitinin ayrılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsi istehsalın daha təminatlı, xarici təsirlərə daha dözümlü formada təşkilinə öz töhfəsini verir.
“Bir sözlə, kənd təsərrüfatında yaradılan əlavə dəyərin ÜDM-də payını qoruyub saxlaması, aqrar məhsulların ixrac həcminin artması, heyvandarlıq və bitkiçilik sahəsində istehsal həcminin çoxalması dövlətin aqrar siyasətinin müsbət nəticələridir. Bu göstəricilər həm də kənd təsərrüfatı məhsullarının istehsalçılarının, yəni fermerlərin gəlirlərinin artması deməkdir”, - deyə o əlavə edib. (Azərtac)