Azərbaycanın kiçik fermerlərinin və ya ailə kəndli təsərrüfatlarının ilk və vacib problemi kreditlərə çıxış, kreditlərin faizlərinin yüksək olması deyildir. Ümumiyyətlə, əsas problem maliyyəyə çıxış imkanlarının məhdudluğu ilə bağlı deyil. Bəlkə də kreditin əlçatan olmaması və ya faizin yüksək olması vacib məsələlər sırasında daha sonrakı yerlərdədir.
Fermerlərin hazırda üzləşdiyi və yaşadığı əsas problemlər aşağıdakılardır:
1. Bilik problemi
SSRİ dövründə bir və ya bir neçə kəndi əhatə edən kollektiv təsərrüfatda bir neçə aqronom, bir neçə meliorator, heyvandarlıq istiqaməti olardısa, bir neçə zootexnik olardı. Qeyri-təsərrüfat əhalini (müəllim, həkim, elektrik və s) çıxmaq şərti ilə əhalinin yerdə qalan hissəsi “kənd təsərrüfatı fəhləsi” adlandırıla biləcək ixtisası olmayan işçi qüvvəsi idi. Torpaq islahatından sonra bu insanlar pay torpaqlarına malik oldular. İndi bu şəxslər öz kiçik təsərrüfatlarının həm aqronomu, həm melioratoru olmalı idilər.
2. Təsərrüfat sahəsinin kiçik olması
Əhalinin sıxlığı çox olan elə rayonlar vardır ki, ailə üçün 1 – 2 hektar pay torpağı düşmüşdür.
3. Texnikaya çıxış problemi
SSRİ dövründəli MTS (maşın traktor stansiyaları) dağıldıqdan sonra uzun müddət boşluq yaranmışdır. «AqroLizinq» bu problemi qismən həll edə bilsə də kiçik təsərrüfatlar üçün texnika və avadanlıqlara çıxış yenə də problem olaraq qalır. Əvvəla ona görə ki, kiçik təsərrüfatlar belə texnikaları əldə etməkdəmaraqlı olmurlar. Belə texnikaları əldə edən şəxslər isə kiçik təsərrüfatlara xidmət etməkdə çox maraqlı olmurlar.
4. İrriqasiya- suvarma suyuna çıxış problemi
Mövcud kanallar və arxların bir hissəsi dağılmışdır. Digər tərəfdən hazırkı kanal və arxlarla suvarma metodunun özü də artıq köhnəlmiş metdoddur. Əvvəla, Azərbaycanda dövri olaraq quraqlıq mövsümləri olur. Bundan başqa, su heç də bərpa olunan resurs deyil, azalmaqdadır. Bundan başqa, kanal və arxlarla suvarma su itkisinə və ya suyun bitkilər arasında düzgün paylanmamasına səbəb olur ki, məhsuldarlığa təsir edir. Arzuolunandır ki, çiləmə suvarma sistemləri tətbiq edilsin ki, bu da kiçik təsərrüfatlar üçün asan əlçatan deyildir.
5. Bazar və məhsulun satışı
Burada planlaşdırma və proqnozlaşdırma məsələsi də var. Məsələn, deyək ki, 2012-ci ildə pomidorun qiyməti yüksək olmuşdur. Növbəti il bu məhsulu əkən çoxalır və qiymət o dərəcədə enir ki, kiçik təsərrüfatlar maya dəyərini belə qarşılaya bilmir. Bu dəfə kartof baha olur. Bu halda da növbəti il kartof çox əkilir və s. Kiçik təsərrüfatlarda əkin sahəsinin azlığı isə istehsalı diversifikasiya etməyə, müxtəlif məhsulların əkilməsinə imkan vermir.
6. Bazara çıxış və logistika
Məlumdur ki, məhsulu istehlakçıya əksər hallarda istehsalçı deyil, vasitəçi(lər) - bu məhsulun ticarəti ilə məşğul olanlar çatdırır. Təbiidir ki, bu şəxslər kiçik təsərrüfatlarla deyil, orta və iri təsərrüfatlarla əməkdaşlıqda maraqlı olacaqlar. Çünki məhsulu bir təsərrüfatdan çeşidləyib götürmək,bir neçə kiçik təsərrüfatdan götürməkdən daha rahatdır.
Bu siyahını artırmaq da olar. Amma bunlar kifayətdir deyək ki, əsas problem maliyyə əlçatanlığı məsələsi deyil.
Cəlal Əliyev, Azerbaycan Mikromaliyye Assosiasiyasinin sedr muavini