Azərbaycanda fermerlərin kreditlərə əlçatanlığının lazımı səviyyədə olmadığı bildirilir. Çox az sayda fermerin banklardan kredit götürdüyü qeyd olunur.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə FED.az –a bildirib ki, onların araşdrımalarına görə, fermerlərin az bir hissəsi kreditlərdən istifadə edirlər. İstifadə edənlərin də böyük əksəriyyəti həm kənd təsərrüfatı nazirliyi həm də , iqtisadiyyqt nazirliyinin verdiyi güzəştli kreditlərdən istifadə edir. Bu da onu göstərir ki, bu gün mövcud kredit resurları bazarının fermerlər üçün kifayət qədər əlçatanlığı təmin olunmayıb.
Eləcə də bax:Azərbaycanda fermerlərə - ƏN ÇOX ZƏRƏR VURAN HADİSƏLƏR – SİYAHI
“Fermerlərin kredit resurslarından istifadə etməməsinə olan səbəblərdən birinin də dövlətin verdiyi dəstək tədbirləri ilə bağlıdır. Bilirsiz ki, dövlət müxtəlif texnikalara, gübrə və pessitlərə olan xərclərin bir hissəsini öz üzərinə götürüb. Bu müəyyən mənada fermerləri əlavə resurslar ehtiyacından azad edib. Səbəblərdən biri də budur. Dövlətin göstərdiyi müxtəlif subsidiya dəstəkləri fermerlərin bu ehtiyaclarını müəyyən qədər qarşılamış olur. Amma ümumi olaraq bu gün ki, kredit şərtləri, fermerlər üçün əlçatan deyil”-deyə Firdovsi Fikrətzadə bildirib.
Mərkəzin direktorunun sözlərinə görə, hal-hazırda fermerlərin kredit ehtiyaclarının ödənilməsi üçün dövlətin güzəştli kreditlər siyasəti həyata keçirilir. 80-90% fermerlərin əldə etdiyi kreditlərin əsas mənbəyi məhz güzəştli kreditlərdir.
“Gələcəkdə fermerlərin həm də dövriyyə vəsaitləri ilə daha böyük miqyasda təmin olunması bizim qarşımızda duran əsas məsələlərdəndir. Bununla bağlı starteji yol xəritəsində bir sıra innovativ kreditləşmə mexanizmlərinin tətbiq olunması nəzərdə tutulub. Hazırda bununla bağlı kənd təsərrüfatı nazirliyində və aidiyyatı qurumlarda müzakirələr aparılır ki, bu günki şəraitdə fermerlərin kreditə əl çatanlığının daha da artırılması üçün yeni mexanizmlər qoyulsun. Misal olaraq hansısa girovsuz kredit mexanizmləri. Bununla bağlı artıq islahatlar da aparılıb ki, yalnız daşınmaz deyil, daşınar əmlakın girov qoyma mexanizmi olsun. Bilirsiz ki, fermerlərin daşınmaz , əmlakdan çox daşınar əmlakları var. Bu onların heyvanları, anbarlarda məhsullarıdır. Bu tipdə alətlərin tətbiq olunmasında iş aparılır ki, bu artıq fermerlərin daha çox kreditlərə çıxışını təmin edəcək mexanizmlədən biridir”-deyə Firdovsi Fikrətzadə bildirib.