Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb. Noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsi imzalanıb.
Eləcə də bax: Aqrar sığorta ilə bağlı Salyan və Neftçalada fermerlərlə görüşlər keçirilib
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən xəbərə görə, Tərtər rayonunun Bəyimsarov kəndində baş tutan imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Bakıda səfərdə olan Türkiyənin TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbərliyi, Aqrar Sığorta Fondunun, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin rəhbərliyi, fermer və sahibkarlar iştirak edib.
İlk aqrar sığorta müqaviləsi əsasında Tərtər rayonundan olan sahibkarın südlük heyvanları sığortalanıb. Aqrar Sığorta Fondu və fermer Habil İbrahimli arasında imzalanan müqavilədə 50 baş iribuynuzlu heyvanın aktual risklərdən sığortalanması nəzərdə tutulur.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda həyata keçirilən ardıcıl islahatlar və fermerlərə dövlət dəstəyinin növbəti mərhələsidir.
“Aqrar sığorta fermerlərin məhsullarını və gəlirlərini qorumaqla onlara dəstək olacaq. Qaydalara görə, aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödəniləcək. Nəticədə kənd təsərrüfatı daha təhlükəsiz biznes sektoruna çevriləcək və bu sahəyə yatırımlar daha da artacaq”, - deyə Fuad Sadıqov bildirib.
Onun sözlərinə görə, ilk aqrar sığorta müqaviləsinin Ermənistan tərəfinin davamlı atəşə tutduğu ərazidə – Tərtər rayonunda imzalanması təsadüfi deyil: “Dövlət bununla nümayiş etdirir ki, ölkənin bütün ərazilərində, xüsusilə də cəbhə və cəbhəyanı ərazilərdə fəaliyyət göstərən fermer və sahibkarların yanındadır və onları daha güclü şəkildə dəstəkləməkdə davam edir”.
İmzalanma mərasimində iştirak edən Türkiyə Respublikasının TARSİM aqrar sığorta təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü bildirib ki, aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait yaradacaq.
Fermer Habil İbrahimli bildirib ki, aqrar sığorta fermerlərin işini asanlaşdırır və təsərrüfatı daha da genişləndirməyə şərait yaradır. O yeni sığorta mexanizminin işə düşməsi, xüsusilə də cəbhə bölgəsindən fəaliyyətə başlamasına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Yeni işə düşən aqrar sığorta sistemində dövlətin sahibkarlara ciddi dəstəyi nəzərdə tutulub. Belə ki, sığorta haqqının 50%-i dövlət tərəfindən ödəniləcək, qalan məbləği isə fermer hissələrlə ödəyə biləcək. Sığorta risklərinin qiymətləndirilməsi və sığorta hadisələrinin araşdırılması üçün müstəqil sığorta eksperti xidmətinin fəaliyyəti də dövlət tərəfindən maliyyələşdiriləcək.
Aqrar Sığorta Fondu tərəfindən ilkin mərhələdə 1-7 yaşlı südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq), eləcə də nohur və hovuzlarda yetişdirilən balıqlar sığortalanacaq. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetləri və risklərin siyahısı genişləndiriləcək.
Aqrar sığorta çərçivəsində sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və hadisələrin tənzimlənməsini isə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC həyata keçirəcək.
Fermerlər və sahibkarlar “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin təsisçisi olan – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC-yə müraciət etməklə əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və akvakultura məhsullarını sığortalaya biləcəklər.