Azərbaycana Avropadan yeni, cins qoyunlar gətirilib.
FED.az xəbər verir ki, yeni cinslər dünyada tanınmış olmaqla yanaşı, həm də öz məhsuldarlığı – süd və ət verimi, ümumilikdə kommersiya göstəriciləri baxımından yerli qoyunlardan xeyli üstündür.
Azərbaycana “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük və ətlik-südlük istiqamətli qoyunlar Avropadan gətirilib. Ümumi sayı 1000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.
Damazlıq qoyun cinsləri məhsuldarlıqlarına görə seçilirlər. Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər.
Lacaune (Lakon) cinsli qoyunlar Fransanın ən yaxşı südlük qoyunları sayılır. Qoçların dirə çəkisi 90-120 kq, qoyunlarda 55 — 70 kq olur. Bu növlərdə quzular artıq 4-5 həftəsində kəsimə göndərilir, bundan sonra qoyunlar sağıma verilir. Lacaune cinslərində məhsuldarlıq 100 ana qoyuna 131 bala təşkil edir. Laktasiya dövründə qoyunların ümumi süd verimi 300-360 litr təşkil edir. Bu qoyunların südündən rokfor və başqa delikatesnıx pendirlərin (pekorino, bri, kamamber, feta, talecio və sair) hazırlanmasında istifadə olunur. Üstəlik Lacaune qoyunlarında süddən qoxu gəlmir. Bu qoyunların xaricdə qiyməti fərqli dəyişir.
Fransadan gətirilən digər qoyun cinsi «İle de France»da (İl de Frans) isə məhsuldarlıq az qala ildə 200%-ə çatır. Qoçlar 90-100 kq, qoyunlar 65-70 kq təşkil edir. Bu qoyunlar iridirlər, olduqca yüksək məhsuldarlığa və böyümə qabiliyyətinə malikdir. Qoyunlar ilin istənilən dövründə bala verə bilirlər. «İle de France» qoyunlarının yaxşı yunu olur. Yunun uzunluğu 10-15 sm-ə çata bilir.
Almaniyanın «Landschaft Merino» qoyunları isə böyük ölçülərə malik ətlik cinsdir. Bu qoyunların erkəklərinin diri çəkisi 90-160 kq, qoyunların çəkisi 75-90 kqdir. Qoyunların hündürlüyü isə 1 metrə çatır. İldə ort hesabla iki bala verir, ümumiyyətlə məhsuldarlığı 215%-təşkil edir. Qoçlar 6,5-7 kq, qoyunlar 4-5 kq yun verir. Bu qoyunların qiyməti orta hesabla 500 avro ətrafındadır.
İngiltərə cinsi olan «Suffolk» («Suffolk») qoyunları isə dünyanın ən qədim və tanınmış cins qoyunlarından sayılır. Bunlar həm də ən iri qoyunlardandır – qoçların çəkisi 100-150 kiloqram, qoyunların çəkisi 80-140 kiloqram arasında dəyişir. Quzular tək doğulanda (az hallarda olur) 4-7 kq, əkiz 4-5 kq, üçəm isə 3-4 kq olur. Balanslı yemləmə halında quzular artıq 3 ayında 40 kiloqrama çatır. «Suffolk» qoyunlarının əti dadı və qidalılığı ilə məşhurdur. Onun zərif yunu isə bütün dünyada tanınır.
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin baş mütəxəssisi Elşən Cabbarov FED.az-a bildirib ki, Avropadan gətirilmiş 4 fərqli qoyun cinsi qapalı (intensiv saxlanma) şəraitdə saxlanılır: «Qapalı şəraitdə saxlandığına görə heyvanlarda formalaşan bəzi xüsusiyyətlər bizim yerli heyvanların xüsusiyyətlərindən fərqlənir. Birincisi, bu qoyunlar yetişkənlik dövrünə tez çatırlar ki, bu da fermer təsərrüfatları üçün çox gəlirli və səmərəli sayılır. İkincisi, bu qoyunlar intensiv şəraitdə yetişdirildikləri üçün balavermə müddəti mövsümdən asılı deyil. Belə ki, bu qoyunlar ilin istənilən dövrnüdə bala verə bilirlər. Bu da fermerlərə istənilən vaxt gəlir əldə etməyə imkan yaradır».
Bizdə ildə 2 balaya sevinirlər, bunlar 3 bala verir
Ən əsası, belə qoyunlar əksər hallarda əkiz, bəzi hallarda üçəm bala verirlər. Düzgün yemləndirilməsi və bəslənməsi nəticəsində sürüdə əkiz balavermə göstəricisi 85 faizdən yuxarıdır: « Bu cinslərin 85 faizi ildə əkiz bala verir, daha dəqiqi 8 aydan bir iki bala, yəni iki ildə 6 quzu, başqa sözlə, ilə orta hesabla 3 bala deməkdir. Bizdə ildə 2 bala alanda sevinirlər, bunlar 8 aydan bir doğum edirlər, 2 ildə 6 bala, bu da ildə 3 bala edir. Yəni fermer burdan da irəli düşə bilir».
Müqayisə üçün bildirək ki, Azərbaycanda yerli qoyunların əkiz bala vermək ehtimalı 50%-i keçmir.
Yeni gətirilən cinslər yerli qoyunlardan ət vermə məhsuldarlığı ilə də fərqlənir: «Yerli cinslər ortalama 20-25 arası təmiz ət verəndə onları saxlayan təsərrüfatçı sevinir. Bunlarda isə ət verimi azı 30-40 kiloqram olur».
Burada maraqlı məqam olur ki, xarici cins qoyunlarda uzun əsrlər boyu seleksiya zamanı sinəsi geniş qoyunlara üstünlük verilib. Döş qəfəsinin böyük olması burada ətin çox olması deməkdir.
Xarici ətlik cinslərin quzularının kəsimə çıxması müddəti də az və ət verimi yüksəkdir. «Bu quzular normalda 2 ay ana südü ilə böyüyür, süddən kəsiləndən sonra 2-3 ay yemlə böyüyür. 4 ayda 55-60 kilo diri çəki alır və bundan sonra onları saxlamağın mənası yoxdur. Çünki artıq piylənmə artıq piylənmə gedir bu da ətin keyfiyyətini aşağı salır.
Təqribən 10 qat artıq süd verir
E.Cabbarov bildirir ki, xarici qoyun cinslərinin süd verimi də yerli qoyunlardan çox yüksəkdir: «Yerli cinslər 400-600 qram süd verirsə, bunlardan rahatlıqla 4-6 litr arası süd almaq olur.
Elşən Cabbarov xaricdən gətirilmiş cins damazlıq qoyunların yemlənmə qaydaları barədə də danışıb. “Əslində həm yerli, həm də xarici qoyunlar ehtiyacları olduqları qədər yeyirlər. Rasion baxımından hər bir qoyun öz çəkisinin 3 faizi həcmində yem yeyir. Doğrudur, bizim yerli qoyunlar yaylaq-qışlaqlarda örüş-otlaq sahələrində bəslənilir. Xaricdən gətirilmiş heyvanlar isə qapalı şəraitdə yetişdirildiyindən yalnız yemlə yemlənir. Amma qoyunların verdiyi quzu sayı çox olduğuna görə səmərə baxımından yem xərclərini üstələyir».
«Örüş-otlaq sahələrində yetişdirilən qoyunlarda bu cür yüksək məhsuldarlıq mövcud deyil. Yəni, nəzəri baxımdan üç baladan biri fermerin xərclərini ödəyir, digər ikisi isə qazanc sayılır» - deyə mütəxəssis qeyd edib.
120-150 baş qoyunla təsərrüfata başlamaq lazımdır
Mütəxəssisin sözlərinə görə, belə qoyunlarla təsərrüfata başlamaq üçün ətlik – 120- 150 baş arası lazımdır ki, hər mövsümdə, ilin istənilən ayında kəsimə gedəcək quzusu olsun. Yəni fermer istənilən vaxt pul qazana bilsin
Xarici cins qoyunların bu qədər iqtisadi üstünlüklərinə baxmayaraq dadda yerli cinslərə uduzurlar. Amma E.Cabbarov bunun nisbi olduğunu bildirir: «Söhbət quzunun ətinin dadından gedirsə, bu baxır ki, biz ətdən nə istəyirik. Biz zülal istəyiriksə, digər həll olunan və ya olmayan turşular istəyiriksə, bu qoynlar daha çox seleksiya olunan qoyunlardır və onların tərkibində bu maddələr kifayət qədərdir. Amma bizim üçün onların dadı bizim qoyunların ətindən dadlı ola bilməyəcək. Çünki onların orqanizmində bizim torpağın otu yorxdur. Amma bunlardan kabab bişirmək olar».
Qeyd edək ki, fermerlər bu heyvanları dövlət dəstəyi mexanizmindən yararlanaraq güzəştli şərtlərlə ala bilərlər. Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir.