Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) üzrə növbəti mərhələyə keçmiş gənclərə təlimlər başlayıb. FED.az-ın məumatına görə, Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, aprelin 15-dən etibarən İmişli, Bərdə və Zaqatala rayonlarında ilk təlimlərə başlanılıb. Təlimlər biznes ideyalarının işlənməsi və layihələrə çevrilməsi istiqamətindədir.
“İlk təlimlərdə gənclərin fəallığını və aqrar biznesə böyük həvəsini hiss etdik. Gənclərin biznes ideyalarının reallığı xüsusilə diqqətimizi cəlb etdi. Misal üçün qeyd edim ki, İmişli rayonundakı təlimdə iştirakçıların dərs zamanı çəkdikləri nümunələrdən, tapşırıqlardan heyvandarlıq sahəsinə böyük maraq göstərdiklərini müşahidə etdik. Əminik ki, təklif olunan nümunə layihələr dayanıqlı bizneslərin əsasına çevrilə biləcək” – AKİA-nın sədr müavini Namiq Məmmədov belə bildirib.
Təlimlərdə gənc fermerlərə BMT-nin Beynəlxalq Əmək Təşkilatının beynəlxalq sertifikata malik təlimçiləri ən yaxşı biznes ideyalarının seçilməsi və biznes planlarının hazırlanmasından əlavə, marketinq, xərclərin hesablanması, investisiyanın idarə olunması, nağd pul dövriyyəsi, hüquqi savadlılığın artırılması istiqamətində də təlimlər keçəcəklər.
N.Məmmədov FED.az-a bilirib ki, təlimlər zamanı gənclər aqrar sahə ilə bağlı maraqlı ideyalar səsləndiriblər.İdeyalar kənd təsərrüfatının müxtəlif sahələrini – heyvandarlıq, baramaçılıq, bitkiçilik, suvarma avadanlıqları və sair məsələləri əhatə edib. Buraya bəzi bitki növlərinin qeyri-ənənəvi üsulla becərilməsi, bitkiçilikdə yeni- gənclərin öz tərəfindən ixtirak edilmiş avadanlıqlardan istifadə olunması aiddir.
Bəzi gənclər gülçülük təsərrüfatının yaradılması, amma onun sadəcə gül kimi deyil, emal olunaraq satışı ilə bağlı layihə təklif ediblər.
Maraqlı ideyalardan biri kənd yerlərində daha az vəsaitə başa gələn suvarma avadanlıqlarının tətbiq edilməsi ilə bağlı olub. Gənclərdən biri sahəsi olan olan torpaqların suvarılması üçün kustar üsulla hazırlanan, amma olduqca əlverişli olan avadanlığın istehsalını təklif edib. Belə avadanlıqlar xüsusilə kiçik – sahəsi 5 hektara qədər olan sahələrin suvarılması üçün əlverişlidir. Azərbaycanda fermerlərin 80%-nin torpaq sahəsi 1-5 hektar arasında olduğuna görə, bu üsul əksəriyyət üçün sərfəlidir.Namiq Məmmədov bildirir ki, layihənin reallaşdırılması ilə bağlı ayrılacaq vəsaitlərə limit qoyulmayıb: «Vəsitlər güzəştli kredit şəklində ayrılacaq və layihə iqtisadi cəhətdən özünü doğrultsa, ayrılacaq. Əlbəttə ki, layihələr və onların riskləri bank mütəxəssisləri tərəfindən də aradırılacaq».
Layihələrə qrant da ayrıla bilər, amma dəstək təkcə maddi vəsaitlə olmayacaq: «Onlara lazımi texnikanın güzəştli şərtlərlə satışı, bütün layihə boyu məsləhət xidməti ilə təmin edilməsi və sair dəstək tədbirləri nəzərdə tutulur».
Qeyd edək ki, “AMAL” Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodların tətbiqini stimullaşdırmasına dəstək verən təşəbbüsüdür. Layihə gəncləri effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı modelləri və idarəçilik üsulları barədə məlumatlandıracaq, gənc fermerlərin ilkin kapitalının formalaşmasına dəstək verəcək. AMAL-a ölkə üzrə 1000-dən artıq gənc müraciət edib. Bu müraciətlərdən 400-dən artığı ikinci mərhələyə - təlimlər mərhələsinə keçib.
Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan AMAL-çı seçilib. İmişli, Bərdə və Zaqataladakı təlimlərə 100 nəfərədək iştirakçı qatılıb.