Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində “Aqronaft” MMC şirkəti tərəfindən Azərbaycana Avropadan məşhur Laqun qoyunları gətirilib. Fermerlərin bildirdiyinə görə, Avropadan 700 baş Laqun cinsinə məxsus qoyun gətirilməsi planlaşdırılır ki, artıq 400 başı gətirilib, qalan 300 baş qoyun isə yaxın zamanlarda gətiriləcək.
Eləcə də bax: Avropadan cins qoyunlar alındı - 3,5 AYA 30-35 KİLOQRAM ƏT
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Vüqar Hüseynov Modern.az-a bildirib ki, heyvanlar təchizatçı şirkətlər tərəfindən fermerlərin sifarişi əsasında gətirilir:
“Bunun üçün fermer istədiyi təchizatçıya müraciət edə bilər. Kənd Təsərrüfatı Nazirliyinin bu prosesdə iştirakı gətirilən qoyunun, iribuynuzlu mal-qaranın qiymətinin 60 faizinin dövlət tərəfindən ödənilməsini təmin etməkdir. Bildiyiniz kimi, heyvandarlıqda subsidiya mexanizmi tətbiq edilir. Burada heyvanın gətirilməsində də, seçimdə də fermer sərbəstdir”.
V.Hüseynovun sözlərinə görə, Laqun qoyunları ilk dəfədir ki, Azərbaycana gətirilir:
“Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar. İstənilən fermer Aqrar Kredit İnkişaf Agentliyinin rəsmi saytına daxil olub təchizatçı şirkətlərlə əlaqə qura bilər. İndiyədək gətirilən “Simmental”, Abredin-Anqus”, “Holştin-Friz” kimi cins heyvanlar ayrı-ayrı şirkətlər gətirilib. Dövlət də alqı-satqı prosesində heyvanın dəyərinin 60 faizini subsidiyalşdırır”.
Qeyd edək ki, Azərbaycanda heyvanların damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir. Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəştli ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir.
Qeyd edək ki, Laqun qoyunları südlük istiqamətli sort sayılsa da, bu sortun ətlik keyfiyyətləri də yüksəkdir. Laqun qoyunlarının ətində mərmərləşmə dərəcəsi yüksək olduğuna görə, bu ət ən keyfiyyətli ət növlərindən sayılır.