Azərbaycanda arıçıların qayğaları, üzləşdikləri problemlər və onların həlli yolları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndə heyətinin görüşündə müzakirə edilib.
FED.az xəbər verir ki, görüşdə Arıçılar Assosiasiyasının nümayəndə heyətinin tərkibində təşkilatın sədri Bədrəddin Həsrətov, “Şahdağ-E” arıçılıq şirkətinin direktoru Elxan Ələkbərov, “Qinyətoğlu” firmasının direktoru Lətif Qinyətoğu, “Ballı” firmasının direktoru Rəşad Rəşidov, BP-nin “Şirin Qızıl” layihəsinin rəhbəri Asif Nəsibov, Assosiasiyanın İdarə Heyətinin üzvləri Natiq Mədətov, Şəhriyar Nurullahi, Elvin Bayramlı və Nəzarət-Təftiş Komissiyasının sədri Şahin Cəfərov iştirak etmişlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyətinin tərkibində Ekologiya naziri Muxtar Babayev, nazirin müşaviri Xəlil Ramazanov, nazir müavinləri, şöbə müdirləri və ekspertlər iştirak edirdilər. Qonaq qismində BMT-nin Ərzaq Təhlükəsizliyi Proqramının Azərbaycan üzrə rəhbəri Mələk xanım dəvət olunmuşdu.
Görüş əsnansında arıçılara ölkədəki bal verən bitkilər, onların yerləşməsi və miqdarı haqda məlumat verildi. Nazir Muxtar Babayev təbiətin qorunmasında arıların və arıçıların rolu barədə danışandan sonra sözü Assosiasiya nümayəndələrinə verdi və problem və təklifləri dinləməyə hazır olduğunu bildirdi.
Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov arıçılığın ekologiya ilə bağlılığından və bu sahənin inkişaf etdirilməsinin vacibliyindən, xarici ölkələrdə dövlətlə arıçıların sıx işbirliyindən, arıçılara yaradılan şəraitlərdən danışandan sonra nümayəndə heyətinin üzvlərinə söz verdi.
Elxan Ələkbərov arıçıların meşələrdə rastlaşdığı problemlərdən söz açdı. Arıçıların meşəbəyləri tərəfindən incidilməsini nəzərə çatdırandan sonra belə faktlar olarkən nazirlikdə müraciət edilərək problemləri operativ həll etmək üçün arıçılara kuratorun ayrılmasını təklif etdi.
Öz növbəsində arıçıların da meşələrdə özlərini aparmaq qaydalarını bilməsi üçün nazirlik tərəfindən qaydaların hazırlanmasını təklif etdi. Nazirliyin meşə salınma planından arıçıların, arıçıların hansı ağaclara ehtiyacı olduğunu isə meşə idarələrinin bilməməsini bildirəndən sonra rayonlarda arıçılar birliklərinin sədrləri ilə meşə təsərrüfatı idarələrinin rəhbərliyi arasında sıx əməkdaşlığın vacibliyini qeyd etdi.
Lətif Lətifov yeni ağacların əkilməsi və meşələrin salınması ilə yanaşı əlimizdə olanları da qorumağı təklif etdi. Azərbaycanın əsas bal verən bitkisi olan qaratikan kollarının qırılaraq yerində taxıl və bostan əkilməsinin, əhali tərəfindən qaratikanın qırılaraq çəpər kimi istifadə edilməsinin qarşısının alınmasa diqqət yetirilməsini istədi. Daha bir təklif kimi yeni salınan meşələrlə yanaşı artıq mövcud olan meşələrin bərpasını da nəzərə almağa çağırdı. 25-30 il ömrü olan akasiya meşələrində artıq ağacların qocalmağa və qurumağa başladığını nəzərə çatdıran arıçı bu meşələrdə daim cavanlaşdırma prosesinin aparılmasına ehtiyac olduğunu vurğuladı.
Arıçıların meşələrin qırılmasına qarşı mübarizə aparmasında həmişə dövlətin yanında olmasını bildirəndən sonra onlara həvəskar ekoloq və ya başqa bir formada vəsiqələrin verilməsini təklif etdi ki, arıçının meşə qıranları saxlamağa səlahiyyəti olsun.
Rəşad Rəşidov qaratikan və akasiya ballarının brendə çevrilməsinin zamanının yetişdiyini bildirdi. Amma dünya bazarına akasiya balının çıxarılmasını mümkün etməkdən ötrü çoxlu akasiya meşələrinin salınmasının vacibliyini bildirdi.
Şahin Cəfərov səyyar arıçılığın yem bazası ilə problemindən danışandan sonra Türkiyə modelini misal gətirərək təklif etdi ki, Azərbaycanda da Ekologiya Nazirliyi tərəfindən arıçılığın yem bazasının olduğu yerlərə yol çəkilib su hövzələri təşkil ediləndən sonra bilet sistemi ilə həmin yerlərə arıçıları dəvət edilsin.
Həmin yerlərdə arı yeşiklərinin sayı əvvəlcədən müəyyən edilərək biletdə göstərilsin ki, bir yerə lazım olduğundan artıq arı yığılmasın. Bununla yanaşı Azərbaycanın yem bazası olan yerlərinin xəritəsi hazırlansın və hər bir nöqtəyə qoyula biləcək arı ailələrinin sayı dəqiqləşdirilsin. Bu məsələ arıçıların hamısının bir yerə yığılmasının və məhsuldarlığın aşağı düşməsinin qarşısını almağa kömək edəcək.
Daha bir təklif ondan ibarət oldu ki, Akasiyanın bir birindən 15-20 gün sonra çiçəkləyən müxtəlif sortlarını gətizdirilib ağ akasiya ilə yanaşı əkilsin ki, arıçı 5-10 günlük çiçək açan ağ akasiyanın ümidinə qalmasın, bir ay – ay yarım akasiya balı yığa bilsin.
Təklif olundu ki, yol kənarındakı akasiya zolaqları 10 metr deyil, imkan dairəsində 50-100 metr enində olsun ki, həmin akasiya zolağından istifadə etmək mümkün olsun. Eyni zamanda çox miqdarda nectar verən Kaliforniyada bitən qara manqr və Cənubi Koreyada bitən və Avropada yayılan evodiya ağacının Azərbaycanda əkilməsi təklifini verdi.
Nazirlik nümayəndəsi tingliklərdə əkilməyə hazır olan milyon yarım akasiya ağacının olduğunu bildirdi.
Nazir Muxtar Babayev arıçıların təkliflərini qeyd etdi və müşaviri Xəlil Ramazanovu arıçıların kuratoru təyin etdi və Arıçılar Assosiasiyası ilə birgə işçi qrup yaradıb verilən təkliflərin üzərində işləmək tapşırığı verdi.
Görüş maraqlı və səmərəli keçdi. Hər iki tərəf bir-birinə tezliklə yenə görüşmək, planları və onların həyata keçirilməsini müzakirə etməyi arzuladı.