Əslən Laçın rayonundan olan Marks Vəliyev Ağcabədi rayonunun Taxtakörpü ərazisində yaşayır.
FED.az xəbər verir ki, Aran bölgəsinin təsərrüfatında hazırda 100-ə yaxın arı ailəsi var. Arıları payız-qış mövsümündə Ağcabədinin Taxtakörpü ərazisində, yazda Beyləqan rayonunda, yay aylarında isə dağda saxlayır. Arılar aran bölgəsində olarkən əsasən iydə, akasiya, biyan, süpürgə, qanqal, yonca kimi bitkilərdən, yaylaqlarda isə cökə və dağ çiçəklərindən bal toplayır.
Eləcə də bax: Azərbaycanda 6 min tona yaxın - BAL İSTEHSAL EDİLİB
Arıçı deyir ki, aran balının kalorisi və şəkərliliyi çox olur və daha tez xarlayır. Xüsusən də yağtikanı və süpürgənin balı daha tez xarlayan olur. Dağ bitkilərindən toplanan bal isə gec xarlayır. Aran bölgəsinin ən keyfiyyətli balı akasiya və biyandan yığılmış bal hesab edilir. Akasiya və biyan balının həm də müalicəvi əhəmiyyəti yüksəkdir. Dağ ballarından isə cökə balı daha müalicəvidir.
Laçınlı arıçı hər il olduğu kimi, bu il də sentyabrın 28-dən oktyabrın 18-dək Bakı şəhərində keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında iştirak edəcəyini bildirib: "Bu il pətəklərdən 850 kiloqram bal, 10 kiloqram güləm, 2 kiloqramdan çox vələmum, 200 qram arı südü götürmüşük. Hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının satış yarmarkasında iştirak edirəm. Yarmarkanın təşkili biz arıçılar üçün olduqca əhəmiyyətlidir. Çünki məhsulumuzu tez bir vaxtda sata bilirik. Keçən il yarmarkaya çıxardığım 500 kiloqram balın hamısı satılmışdı. Bu il isə yarmarkaya 350 kiloqram bal çıxaracağam. Artıq məhsulumuz qəbul edilib və laboratoriya şəraitində yoxlanılıb. Bir neçə gündən sonra məhsulumuzu alıcılara təklif edəcəyik".
Azərtac