Lənkəran-Astara iqtisadi rayonunda fermerlərin dövlət dəstəkli aqrar sığortadan istifadəsini asanlaşdırmaq məqsədilə Cəlilabad şəhərində fəlial fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, yeni filial bu iqtisadi rayona daxil olan Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonlarının fermerlərinə xidmət göstərəcək. Xatırladaq ki, bu iqtisadi rayonun kənd təsərrüfatında faraş tərəvəzçilik, kartofçuluq, üzümçülük, taxılçılıq, ən əsası, sitrus meyvələri üstünlük təşkil edir.
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Lənkəran-Astara iqtisadi rayonunda bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 1918 aqrar sığorta müqaviləsi üzrə 10333 hektar əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, çəltik, çay, ərik, limon, naringi, noxud, pambıq, qarğıdalı sahələri, iri və xırda buynuzlu heyvan təsərrüfatları daxildir.
Yeni filial Cəlilabad şəhərinin mərkəzində fermerlərin rahat gəlib-gedəcəyi ünvanda fəaliyyətə başlayıb.
Bununla bağlı keçiriən tədbirdə bildirilib ki, artıq payızlıq əkin mövsümünün başlaması ilə əlaqədar aqrar sığorta müraciətləri başlayıb.
Açılışda iştirak edən Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara iqtisadi rayonu DAİM-lərinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışından məmnun olduqlarını, bundan sonra təsərrüfatlarını sığortalayanların sayının daha da artacağını bildiriblər.
Qarşıdakı dövrdə daha bir neçə rayonda filialın açılışı nəzərdə tutulur.
Cəlilibadda aqrar sığorta ilə bağlı fermerlərlə keçiriən görüşdə rayon rəhbərliyi - Cəlilabad Şəhər İcra Hakimiyyəti başçısının müavini Nazim Şükürov kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsinin vacibliyini qeyd edib. Nazim Şükürov ötən il və bu ilin martında Cəlilabadda fermerlərin üzləşdiyi problemləri xatırladıb. Onun sözlərinə görə, ardıcıl yağan yağışlar, sel-subasma nəticəsində çiyələk və kartof sahələrinə ciddi zərər dəymiş, amma məhsul sığortalanmadığı üçün fermerlər böyük itkilərlə üzləşmişdilər. Bu səbəbdən də fermerlərin öz gəlirlərini qorumaq məqsədilə aqrar sığorta xidmətlərindən istifadə etməsi önəmlidir və bunun üçün də hər bir imkan yaradılıb.
Müşavirədə aqrar sığortanın şərtləri xatırladılıb, bildirilib ki, fermerlərə dəstək üçün hesablanan sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Fond rəsmiləri martda baş verən hadisələri xatırladaraq fermerləri öz sahələrini sığorta etməyə çağırıblar: «Artıq payızlıq əkinlərin dövrü başlayıb. Ölkədə 1 milyon 900 min hektar əkin ərazimiz var. Onun 1 milyonu payızlıq əkinlərdir. Fermerlərimizə çağırış edirik ki, məhsullarını vaxtında sığortalasınlar ki, hadisə baş verdikdə zərərə məruz qalmasınlar».
Bildirilib ki, mart ayında Yardımlıda, Lerikdə qar, davamlı yağışların yağması, qarın əriməsi nəticəsində Neftçala rayonu ərazisində olan su hövzələri daşıb, bütün əkin sahələri su altında qalıb, fermerlər 100 minlərlə manat məbləğində zərərə düşüblər. Qeyd edilib ki, sığortası olan fermerlər bu hadisələrdə öz əkin ərazilərinə uyğun olaraq təzminat alıblar.
Toplantıda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.