Azərbaycanda aqrar sığorta bazarı böyüməkdə davam edir. Ötən ilin eyni dövrünə nisbətən 2022-ci ilin birinci rübündə kənd təsərrüfatı bitkilərinin sığortası üzrə yığımlar 38 dəfə artaraq 2,4 milyon manata çatıb. Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə 1,2 milyon manatdan (65% çox) çox sığorta haqqı toplanılıb.
Eləcə də bax: “Hədəfimiz aqrar sığorta üzrə "vahid pəncərə" sistemi yaratmaqdır” - MÜSAHİBƏ
FED.az Aqrar Sığorta Fondunun İdarə Heyətinin Sədri Fuad Sadıqovun bu sahədə mövcud vəziyyət və gözlənilən yeniliklərlə bağlı müsahibəsini təqdim edir:
- Fuad bəy, 2022-ci ilin birinci rübü üzrə sığorta bazarının göstəricləri açıqlanıb. Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə yığımlar artsa da, sığorta ödənişi olmayıb. Bu nə ilə bağlıdır?
- Bu biznesin mövsümlük xarakteri var. Məsələn, yanvar-fevral ayında kartofu, fevralda alma bağlarını sığortalamağa başlayırıq. Məhsula isə zərər yetişmə məqamında dəyir. Sığorta yığımları adətən birinci rübə düşür. Sığorta hadisəsi, yəni məhsula hansısa ziyanın dəyməsi isə ikinci rübdə baş verir. Fərz edək ki, may ayında dolu düşdü, məhsulu şaxta vurdu. Ödəniş bundan sonra iyun-iyul ayında həyata keçirilir. Bu da təbii prosesdi. Bitki əkiləndə sığortalanır və vəsait toplanır. Məhsul artıq ortaya çıxanda zərər müəyyən edilir və ödəniş həyata keçirilir. Bütün empirik təhlillər onu göstərir ki, bitki sığortasında mövsümlük faktoru var. Bəziləri deyir ki, ilin sonu 5-6 milyon manat sığorta haqqı topladıq bir qəpik ödəniş etmədik. Niyə? Ona görə ki, hamı dekabr ayında, ilin sonunda bitkiləri sığortalayır. Həmin bitkilərin sığortası üzrə toplanan sığorta yığımı qarşılığında ödənişlər indi həyata keçirilir. Məsələn, Cəlilabadda, Neftçalada əkin sahələrini su basmışdı, Qobustanda fırtına olmuşdu. Biçin dövrünə yaxın taxıl sahələrində yanma halları ola bilər. Bu zaman biz ötən ilki 5-6 milyonluq yığımın böyük hissəsini zərərlərin qarşılanmasına yönəldəcəyik.
- Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə bəzi dəyişikliklərin olacağı gözlənilir. Söhbət hansı yeniliklərdən gedir?
- Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə xidmətlərin təminat dairəsini artıracağıq. Məsələn, doğuş zamanı balanın və ya heyvanın özünün tələf olması, doğuşdan sonra əmələ gələn problemlər. Süni mayalanma ilə bağlı problemlər, o cümlədən damazlıq funksiyasının itirilməsi də bura daxildir. Heyvan mayalandırılır amma bala əmələ gəlmir. Heyvanla bağlı biznes marağı itir. Belə olan halda heyvanı məcbur kəsimə göndərib zərərin çatışmayan hissəsini ödəməliyik. Qanunda bu tip bir sıra dəyişikliklər edilməlidir ki, fermerlər istənilən sığorta xidmətini əldə edə bilsin.
- “Aqrar sığorta haqqında” qanuna dəyişikliklər nə vaxtdan ediləcək?
- “Aqrar sığorta haqqında” qanuna dəyişiklik layihəsi hökumətə göndərilib. Dövlət qurumları sözü gedən xidmətlərlə bağlı məsələyə münasibət bildirməlidirlər. Biz istixanaları, kənd təsərrüfatı texnikalarını, suvarma sistemlərini də sığortalamaq istəyirik. Yəni, təsərrüfat sahibi müraciət edib X sığorta şirkəti və Aqrar Sığorta Fondundan iki sığorta müqaviləsi almasın. Bir ünvana müraciət etməklə bütün təsərrüfatını sığortalamaq imkanı əldə etsin.
- Kiçik fermer təsərrüfatlarının sığortaya münasibətində dəyişiklik varmı?
- Azərbaycanda bizneslə bağlı qayda burda da keçərlidir. Bütün xırda oyunçular böyük oyunçuların addımlarını izləyirlər. Yəni, böyük təsərrüfatlar düzgün davranaraq sığortalanırlarsa, kiçik təsərrüfatlar bunun faydasının olduğunu görürlər. Aqrar sığortada da “birinci qonşum etsin, görüm nə olacaq, sonra mən edim” prinsipi işləyir. Artıq böyük təsərrüfatların arxasında kiçik təsərrüfatlar da sığortaya üz tutur. Artıq ölkə üzrə əkin ərazilərinin 15%-ni sığortalamışıq. Bu da böyük bir nəticədir. Müqayisə üçün deyim ki, Tükiyədə bu göstərici 2017-ci ildə 24% olub. Nəticə olaraq ilk illər fəaliyyətə uğurla başlamışıq. Əkin yerlərinin sığortası ildən-ilə də artmaqda davam edəcək.
- Bəs, ölkə üzrə kənd təsərrüfatı heyvanlarının sığortasında vəziyyət necə dəyişib?
- Heyvandarlıq sahəsində də göstəricilər eynidir. Sadəcə bu sahədə problem ondan ibarətdir ki, ölkədə heyvanların vahid qeydiyyat sistemi yoxdur. Düşünün ki, nəqliyyat vasitələrimiz var. Hüquqi şəxslərin avtomobillərinin nömrəsi var. Amma fiziki şəxslərin avtomobilləri nömrəsizdir. Bunların identifikiasiya sistemi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində qurulur. Qurulandan sonra bizə müraciət edən bütün fermerlərə xidmət göstərəcəyik.
- Başqa hansısa yeniliklər gözlənilirmi?
- Biz artıq bitkilərin, əkin sahələrinin 96-97%-nə xidmət göstəririk. 2020-ci ilə qədər bu yox idi. 2020-ci ildə 14 bitkinin sığortasına başladıq. İndi sığortalanan bitkilərin sayı 41-ə kimi artırılıb. Bu isə o deməkdir ki, Azərbaycanda əkilib-becərilən məhsulların 96%-ni sığortalamaq mümkündür. Məsələn, əvvəl soya istehsalçısı müraciət etsə də, məhsulunu sığortalaya bilmirdi. Amma artıq məhsulunu sığortalamaq imkanı yaranıb. İndi əsas hədəfimiz ölkədə becərilən bitkilərin sığortasını 100% həddinə çatdırmaqdır. Bundan əlavə, növbəti illərdə arıçılıq və quşçuluq təsərrüfatlarının sığortanmasına da başlayacağıq.
(Apa)