Azərbaycanda əkin sahələrini və heyvandarlıq təsərrüfatlarını dövlət dəstəyi ilə sığortalayan Aqrar Sığorta Fondu payızlıq əkinlərini bəyan etmiş fermerlərə müraciət edib.
Aqrar Sığorta Fondu bu il 41 rayonda fermerlərə sığorta ödənişi edib
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu fermer və təsərrüfatları öz əkin sahələrini sığortalayarkən sığorta haqqını «ASAN Pay» sistemi ilə ödəməyə çağırır.
Aqrar sığorta haqqının ASAN Pay vasitəsilə ödənilməsi ölkənin bütün bölgələrində fəvliyyət göstərən fermerlər üçün böyük üstünlükdür. İndiyədək sığorta haqqını terminallar vasitəsilə ödəyən və bunun üçün uzaq məsafə qət etməli olan fermerlər artıq evdən çıxmadan əkin sahələrini və heyvanlarını sığorta edə biləcəklər.
Bu yenilik fermerlərin ödənişə vaxt itirməməsinə, öz təsərrüfatlarına daha yaxşı vaxt ayırmasına imkan verir.
Aqrar Sığorta Fondu xüsusilə payızlıq əkinləri ilə məşğul olan fermerlərə müraciət edərək onları öz əkin sahələrini sığortalamağa dəvət edir. Əkin sahələrinin vaxtında sığortalanması əkinlərin risklərdən qorunması ilə yanaşı, fermerlərin dövlət dəstəyindən – subsidiyalardan faydalanmasına da imkan verir.
Artıq fermerlər “AsanPay” sistemi vasitəsilə sığorta haqqını evdən və ya təsərrüfatdan çıxmadan mobil telefon vasitəsilə ödəyə biləcəklər.
Qaydaya görə, aqrar sığorta haqqını ödəmək üçün fermer “AsanPay” ödəniş sisteminə (www.asanpay.az) daxil olmalı, burada “Sığorta ödənişləri” bölməsini seçməlidir. Yeni açılan pəncərədə Aqrar Sığorta Fondunu seçərək öz FİN və ya VÖEN məlumatlarını daxil etmək lazımdır. Bu zaman ekranda fermerin ödəyəcəyi sığorta haqları görünəcək. Fermer “Ödə” düyməsini sıxaraq ödənişlərini həyata keçirə biləcək.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.












