Artıq bir neçə ildir ki, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC müxtəlif sahələrdə tətbiq olunan pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı ilə məşğuldur.
FED.az xəbər verir ki, “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsibov bu qurumun əsas fəaliyyət istiqamətləri, istehsal etdiyi məhsullar və YT Parkın həmin müəssisə üçün yaratdığı imkanlar barədə sualları cavablandırıb.
- Zahir müəllim, “Elm və Texnologiya Parkı” MMC-nin əsas fəaliyyət istiqamətləri barədə məlumat verərdiniz.
-“Elm və Texnologiya Parkı” MMC AMEA Rəyasət Heyətinin 7 sentyabr 2016-ci il tarixli qərarı ilə yaradılmışdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onun nəticələrinin sənayedə, xidmət sahələrində tətbiqindən ibarətdir. Ötən dövr ərzində müəssisə PUA, radiodalğalar vasitəsi ilə məsafədən müxtəlif idarəetmə sistemləri, perimetr mühafizə sistemləri istehsalı, eyni zamanda, PUA vasitəsilə foto və video çəkilişləri və əldə olunan məlumatların emalı sahəsində xidmətlər göstərir.
- Qeyd etdiyiniz kimi, “Elm və Texnologiya Parkı” MMC hazırda dünya bazarında inkişaf etməkdə olan sahələrdən biri olan pilotsuz uçuş aparatlarının geniş çeşidinin istehsalı ilə məşğuldur. Azərbaycanda istehsal edilən yeni nəsil PUA hansı üstünlüklərə malikdir?
- PUA istehsalı dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. 2017-ci ildə ekspertlərin məlumatında məsafədən idarə olunan PUA istehsal bazarının həcminin 2025-ci ilə 26 milyard dollara qədər artacağı qeyd olunurdusa, hazırda bu göstəricinin 40 milyard dollar olacağı ehtimal olunur. Bu rəqəmlər, yəni, proqnozların dəyişməsi bu sahənin necə sürətlə inkişaf etdiyini göstərir.
Dünyanın böyük investisiya şirkətləri, vençur fondları müxtəlif layihələr vasitəsilə bu sahəni dəstəkləyir. Bu gün bizim üçün ən ümidverici hal odur ki, biz də bu prosesdən kənarda deyilik.
Bu sahə son dövrlərdə xüsusi populyarlıq qazanmağa başlayıb. Artıq yerli bir neçə şirkət də bu sahəyə maraq göstərir və investisiya yönəldir.
Qeyd edim ki, ölkəmizdə müxtəlif layihələr vasitəsilə gənclər bu sahəyə aktiv şəkildə həvəsləndirilir. Məsələn, bu yaxınlarda YT Parkda startapların dəstəklənməsi məqsədilə keçirilən müsabiqədə yeni növ dron layihəsi qalib elan olundu.
Lakin bütövlükdə bu sahənin hərtərəfli inkişafı bir çox faktorlardan asılıdır.
Hazırda yerli istehsalın dəstəklənməsindən hüquqi bazanın təkmilləşdirilməsinə qədər bir çox tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
Məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının mülki dövriyyəsi məhdudlaşdırılmış məhsullar siyahısındadır. Bunun özü sahənin sərbəst bazar qanunları ilə inkişafına təsir edir.
Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatlarının xüsusi bir üstünlüyünü qeyd etmək çətindir. Ancaq milli kadrların yetişdirilməsi, gələcəkdə bu sahədə bizə xüsusi üstünlük verəcək, xarici faktorlardan asılılığın azaldılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, cənab Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Zəfər yolumuzda qazanılan qələbədə PUA-ın xüsusi əhəmiyyəti oldu.
Bu sahənin davamlı inkişafı ölkənin hərbi, ekoloji, ərzaq və digər sahələrdə təhlükəsizliyi baxımından çox önəmlidir.
Ümid edirəm ki, yaxın gələcəkdə bu sahənin inkişafı üçün xüsusi “Strateji Yol Xəritəsi” hazırlanacaq və onun pərakəndə deyil, vahid bir mexanizm şəklində, resurusların səmərəli səfərbər olunması baxımından uyğun mühiti formalaşacaq.
- Dronların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulurmu?
- Əlbəttə, hər bir müəssisənin başlıca hədəflərindən biri xarici bazara çıxmaq, ölkəyə valyuta axınını təmin etmək və mənfəətini yüksəltməkdir. Qeyd edim ki, bizim sektorda bu, bir o qədər də asan başa gələn iş deyil. İlk olaraq nəzərə almaq lazımdır ki, dünya üzrə istehsal olunan dronların 90 faizə qədəri məhz hərbi sahə üçün yaradılır. Təkcə bu amil artıq bazarın həcmi, istifadəçiləri haqqında bir çox məlumat verir. Bazar dinamik olsa da, hələ ki, çox kiçikdir.
Digər tərəfdən beynəlxalq transmilli şirkətlər rezidenti olduqları ölkələrin bu sahədə fəaliyyətini və öz bizneslərini genişləndirmək məqsədilə bu sahəyə böyük maliyyə yatırımları edir və nəticədə bazarı əlində saxlayır.
Hazırda dronların tətbiq edildiyi ikinci sahə kənd təsərrüfatı hesab olunur. Kənd təsərrüfatı – aqrodron - sahəsində artıq ixtisaslaşmış böyük şirkətlər var. Bu gün Azərbaycanda da elə həmin şirkətlərin məhsulları istifadə olunur. Bu, təbii bir prosesidir.
Ancaq razılaşaq ki, yerli dron istesalını stimullaşdırmaq mümkündür. Bunun üçün il ərzində ölkə üzrə tələbat, satın alınacaq dronların texniki göstəriciləri əvvəlcədən elan olunarsa təbii ki, yerli istehsalçı bunu nəzərə alaraq məhsul istehsal edəcək və nəticədə həmin tələbat yerli şirkət tərəfindən ödəniləcək. Bununla yanaşı, digər stimullaşdırıcı tədbirlər də görülə bilər.
- Pilotsuz uçan aparatların hansı sahələrdə aparılan tədqiqatlar zamanı tətbiqi planlaşdırılır?
- Pilotsuz uçuş aparatlarının tətbiq sahələrinə baxsaq, onlar kifayət qədər genişdir. Belə ki, PUA yuxarıda qeyd elədiyim sahələrdən başqa, arxeoloji qazıntılar zamanı, digər geoloji və zooloji tədqiqatlar zamanı, həmçinin neft daşlarında stansiyaların və ya boruların tədqiqi zamanı istifadə oluna bilər.
-“Elm və Texnologiya Parkı” MMC AMEA-nın elmi müəssisə və təşkilatlarının çöl şəraitində aparılan tədqiqatlarının keyfiyyətinin yüksəldilməsi üçün hansı dəstəyi göstərir?
- Bu işdə Elm və Texnologiya Parkı əsasən istehsal etdiyi dronlar vasitəsilə iştirak edir.
Qeyd edim ki, bu proses, o cümlədən AMEA-nın institutlarının fəallığından asılıdır. Müasir texnologiyanı tətbiq etmədən, bir sıra sahələrdə tədqiqatları sürətləndirmək və dərinləşdirmək mümkün olmayacaq. Bununla bağlı biz artıq institutlara təkliflər də göndərmişik. Qoyulmuş hədəflərə yalnız birgə səylərlə çatmaq mümkündür.
- Bildiyimiz kimi, sentyabrın 7-də “Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyətə başlamasından 5 il ötür. Bu günədək həyata keçirdiyi işlərlə böyük uğurlara imza atan bu müəssisə 2017-ci ildən YT Park-ın rezidentidir. Texnoparkın rezidenti olmaq “Elm və Texnologiya Parkı” MMC-yə nə kimi üstünlüklər təqdim etdi?
- Texnoparkların yaradılması ötən əsrin 50-ci illərinə təsadüf edir. 1952-ci ildə Stanford Universiteti tərəfindən yaradılan "Silikon Vadisi" dünyanın ilk texnoparkıdır. İnnovasiya davamlı bir prosesdir. Bu gün də innovasiya, nanotexnologiyalar haqqında danışanda ilk ağıla gələn "Silikon Vadisi"dir.
Müxtəlif ölkələr innovasiyanı, texnoloji yeniliyi dəstəkləmək üçün texnoparklar yaradır. Bu, davamlı bir prosesdir və onun təməlində daima yenilənmək, inkişaf etmək durur. 1952-ci ildə yaradılmış "Silikon Vadisi" bu gün dünyanın ən böyük texnologiya şirkətlərinin yarandığı məkandır.
Cənab Prezidentin 2012-ci ildə “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 736 nömrəli Fərmanı ilə Azərbaycanda da bu sahənin təməli qoyuldu.
Yüksək texnologiyaların inkişafının əsasında elm durur. Bunun məntiqi nəticəsi kimi, 8 noyabr 2016-cı il tarixində dövlət başçısı AMEA-nın tabeliyində Yüksək Texnologiyalar Parkını yaratdı.
Bizim fəaliyyətimizin əsas hissəsi də texnoparkla bağlıdır. Elm və Texnologiya Parkı texnoparkın ilk rezidentlərindəndir.
Müəssisə texnoparkın rezidenti kimi bir çox üstünlüklərdən faydalanır. Bunlara müxtəlif vergi və gömrük güzəştləri daxildir. Bu güzəştlər Azərbaycanda fəaliyyət göstərən bütün texnoparklara aiddir.
Lakin YT Parkın standart güzəştlərdən əlavə, istifadəsi mümkün başqa resurusları da var. Belə ki, investorların böyük bir elmi resursa əlçatanlığı var. Texnopark vasitəsilə Akademiyanın müxtəlif elmi müəssisələri ilə əlaqəli işləmək imkanı çox böyük üstünlükdür. Başqa sözlə, texnopark institutlar, eləcə də investorlar üçün birgə fəaliyyət üçün çox əlverişli platformadır. Bu üstünlük başqa texnoparklarda yoxdur.
Təbii ki, elmin kommersiyalaşması inkişaf etmiş ölkələrə nisbətən Azərbaycanda o qədər də populyar deyil. Lakin əminəm ki, yaxın gələcəkdə texnopark vasitəsilə bu proses daha da sürətlənəcək. Nəzərə alsaq ki, YT Park hələ 5 ilə yaxındır yaradılıb, ciddi nəticələri gözləmək üçün tezdir. Ancaq bu sahədə müəyyən addımlar atılır, təşviqedici işlər görülür. Xüsusilə son dövrlərdə texnopark daha çox inkubator rezidentləri cəlb etmək üçün layihələr həyata keçirir. Biz də sahəmiz üzrə çalışmaq istəyən inkubator rezidentlərinə texnoparkın sorğusu əsasında xüsusi ilə texniki dəstək verməyə hazırıq.
- Yaxın zamanda YT Parkda daha hansı layihələrin icrası planlaşdırılır?
- Hazırda əsas diqqət dronlar və onların tətbiq sahələrini genişləndirə biləcək digər cihazlarla inteqrasiya imkanlarının inkişafına yönəlib. Buraya hərbi, mülki, kənd təsərrüfatı və digər sahələrdə istifadə olunma imkanlarının genişləndirilməsi daxildir. Digər layihələr perimetr mühafizə sistemlərinin inkişafı istiqamətindədir. Sərhədlərin, xüsusi mühafizə olunan sahələrin, o cümlədən hava limanlarının mühafizəsində bu sistemlərdən səmərəli istifadə oluna bilər. Bu layihə bütövlükdə yerli mütəxəssislərin əməyinin məhsuludur və xarici analoqlarını bir çox cəhətləri ilə üstələyir. Xidmətlər sahəsində isə foto, video çəkilişlər və əldə olunan məlumatların emalı, ortofoto xəritələrin hazırlanması, 3D xəritəçəkmə və “ağıllı ferma təsərrüfatı” üçün yeni həllərin üzərində işləyirik. Akademiyanın bir neçə institutu ilə birgə onların işləyib hazırladıqları layihələrin pilot versiyalarının sınaqları, istehsala keçid imkanı və reallaşdırılması kimi layihələr də bizim əsas prioritetlərimizdəndir.
-Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant