2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 5 milyard 643 milyon dollar dəyərində 10 milyon 363 min ton xam neft ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 616 milyon dollar və ya 9,8% azalıb, miqdar ifadəsilə isə 493 min ton, başqa sözlə 5% artıb.
2024-cü ildə isə Azərbaycandan 6 milyard 259 milyon dollar dəyərində 9 milyon 870 min ton xam neft ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi neftin 1 tonunun orta ixrac qiyməti 544 dollar (925 manat) olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 634 dollar (1078 manat) idi. Bu da illik müqayisədə 90 dollar və ya 14,2% azalma deməkdir.
Bu il ümumi ixracın 51,3%-i xam neftin payına düşüb.