İyunun 12-də Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Olqun Amcaoğlu və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin müşaviri Ulaş Kıvılcım Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olublar.
FED.az xəbər verir ki, qonaqları ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Seymur Bünyatov, Araz İsmayılov qəbul ediblər.
Görüş zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində Şimali Kipr və Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov təşkilatın əsas fəaliyyət istiqamətləri, strateji hədəfləri və üzvlərinə göstərdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, ATİB Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasından olan iş adamları üçün birgə platforma rolunu oynayaraq, türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verir.
Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Olqun Amcaoğlu Şimali Kiprin turizm, təhsil, texnologiya sahələrində inkişafının mövcud vəziyyəti və potensial imkanlarından bəhs edərək Azərbaycanla müvafiq sahələrdə əməkdaşlığın genişləndirlməsində maraqlı olduqlarını dilə gətirib.
Görüş çərçivəsində tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətində qarşılıqlı işgüzar səfərlərin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.
Görüşün sonunda Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Olqun Amcaoğluna ATİB adından xatirə hədiyyəsi təqdim olunub.