Aqrarkredit QSC balansında olan bəzi daşınmaz əmlakların müsabiqə yolu ilə satışını elan edib.
Məlumata görə, satışa çıxarılan əmlaklar arasında torpaq sahələri və qeyri-yaşayış obyektləri yer alır.
Belə ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3,8666 hektar torpaq sahəsi 773 min manat start qiymətlə satışa çıxarılıb. Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, bina 3 ünvanında yerləşən 418,10 kvadratmetr sahədən ibarət qeyri-yaşayış obyektinin start qiyməti 750 min manat müəyyən edilib.
Həmçinin, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 391 ünvanında yerləşən 2000 kvadratmetr sahədən ibarət qeyri-yaşayış sahəsi 2 milyon 400 min manat, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən 1625,6 kvadratmetr sahədən ibarət qeyri-yaşayış sahəsi isə 1 milyon 800 min manat start qiymətlə müsabiqəyə çıxarılıb. Qeyd olunur ki, satışa çıxarılan əmlaklar hər hansı yüklülüklə məhdudlaşmır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 16 mart 2026-cı il saat 10:00-dan 10 aprel 2026-cı il saat 16:00-dək müraciət edə bilərlər. Müsabiqənin qaliblərinin müəyyən edilməsi isə 15 aprel 2026-cı il saat 11:30-a qədər həyata keçiriləcək.
Müsabiqə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 135 ünvanında yerləşən Azərbaycan Respublikası Maliyyə Nazirliyində təşkil olunacaq.
Əmlaklara dair sənədlərlə 16 mart – 10 aprel 2026-cı il tarixlərində həftənin 3-cü və 5-ci günləri, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən “Aqrarkredit” QSC-nin baş ofisində tanış olmaq mümkündür.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar əmlakın ilkin satış qiymətinin 0,5%-i həcmində beh ödəməli və təkliflərini qapalı zərfdə təqdim etməlidirlər. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 bank günü ərzində tam ödənilməsini təmin etməlidir.











