“Dövlət Məşğulluq Agentliyi“ PHŞ tərəfindən Agentliyin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə elan edilmiş açıq tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi Gülnarə Sultan qızı İbadova olub. Müqavilənin ümumi dəyəri 2 998 600 manat təşkil edir. Ehtimal olunan qiymət isə 3 180 636 manat idi.
Ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 8335 kvadrat metr (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 140 - 150 otaq (50 ədəd minimum 30-35 kv.m-lik, qalan otaqlar isə 20-25 kv.m-lik), minimum 5 iclas zalı (minimum 25-30 kv.m) və hər mərtəbədə minimum 3 mətbəx və minimum 5 sanitar qovşağı olmalıdır. Ofis sahəsində ən azı 1 mərkəzləşdirilmiş server otağı mövcud olmalıdır və zəif axının (internet) server otağından birbaşa hər bir əməkdaşın fərdi komputerinə qoşulma imkanı olmalıdır. Ofis sahəsində 2 sürətli sərnişin lifti və 1 yük litti olmalıdır. Minimum 60 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır. İcarə müddəti 24 ay nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Gülnarə İbadova Agentliyin icarə məsələləri üzrə əsas tərəfdaşlarından biridir. O, təkcə son bir il ərzində Dövlət Məşğulluq Agentliyinin müxtəlif icarə layihələri üzrə ümumilikdə 4 667 694 manat dəyərində müqavilələr imzalayıb.
Fiziki şəxsin qalib gəldiyi digər tenderlər aşağıdakılardır:
-
Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin icarəsi (26.11.2025) – 17 205 manat.
-
Lənkəran-Astara RMF üçün ofis icarəsi (05.06.2025) – 133 200 manat.
-
Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi (03.02.2025) – 1 499 300 manat.
-
Ofis sahəsinin icarəsi (08.01.2025) – 19 489 manat.










