2025-ci ilin may ayında 2024-cü ilin may ayına nisbətən illik inflyasiya 6,3 faiz təşkil edib. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 7,8 faiz, qeyri-qida məhsulları 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 7,3 faiz bahalaşıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, may ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz azalıb (deflyasiya). 2025-ci ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər 5,9 faiz artıb.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal ətinin, kolbasa məmulatlarının, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, kivinin, ağ kələmin, brokkolinin, süfrə çuğundurunun, təbii balın, qəhvənin, kakaonun, ucuzlaşma isə yumurtanın, bananın, çiyələyin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin may ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil etmişdir. May ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yay geyimlərinin, sementin, məişət cihazlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, kərpicin və planşet kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,6 faiz təşkil edib. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.