21 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan ilə görüşüb.
FED.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazim Səmədov ölkəmizdə turizm sahəsində aparılan islahatlar barədə məlumat verib.
Görüş zamanı 16 mart 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərindən Bakıya ilk birbaşa reysin həyata keçiriləcəyi və bu reys vasitəsilə BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfər edəcəkləri bildirilib. Nümayəndələr qeyd edib ki, “Air Arabia” hava yolları loukoster şirkəti olduğundan sərnişinlərin 30-35 %-i ilk dəfə səyahət edəcək şəxslərdən ibarət olur. Həmçinin cari ilin aprel ayında şirkət tərəfindən turizm şirkətlərinin nümayəndələrinin Hindistandan Bakıya səfərinin təşkilinin nəzərdə tutulduğu bildirilib.
Nazim Səmədov qonaqlara ölkəmizin iqlimi, turizm potensialı, cari ildən etibarən hər il aprel və oktyabr aylarında ölkəmizdə keçirilməsi nəzərdə tutulan Şopinq festivalı barədə məlumat verərək, həmçinin Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti haqqında danışıb.