12 yanvar 2017 15:04

“Beynəlxalq Lizinq” şirkəti ünvanını dəyişdi

Səhmləri Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus olan “Beynəlxalq Lizinq” şirkəti yeni ofisə köçüb.

ABB-dan FED.az-a verilən məlumata görə, şirkət bundan sonra Bakı şəhəri, Nizami küçəsi - 67 ünvanında,  ABB-nin Baş ofisinin əvvəlki inzibati binasında fəaliyyət göstərəcək. Bu dəyişiklik Bankın törəmə müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədindən irəli gəlir. ABB-ə məxsus binada yerləşməsi “Beynəlxalq Lizinq” şirkətinin öz xərclərinə qənaət etməsinə, fəaliyyətinin effektivliyinin artmasına xidmət göstərəcək.

 1999-cu ildə  yaradılan, 2007-ci ildən isə “Joint Leasing Company” kimi tanınan şirkət ötən il rebrendinq prosesini başa çatdıraraq “Beynəlxalq Lizinq” şirkəti adlandırılıb. Bu qurum Azərbaycanın ən böyük lizinq şirkəti olmaqla ölkə iqtisadiyyatının bütün sektorları üçün aktivlərin orta müddətli maliyyələşdirilməsi missiyasını yerinə yetirir. Kiçik və orta sahibkarlıq müəssisələrinin ehtiyaclarının təmin edilməsinə xüsusilə böyük diqqət yönəldir.

Şirkətin fəaliyyətinin əhəmiyyətli hissəsi tikinti, kənd təsərrüfatı və emal sektorlarına aiddir. “Beynəlxalq Lizinq” şirkəti öz müştərilərinə müxtəlif yük və minik avtomobillərinin, kənd təsərrüfatı və emal avadanlıqlarının, tibbi və digər hər növ avadanlıqların, tikinti mexanizmlərinin alınması üzrə sərfəli şərtlər təklif edir. Eyni zamanda, daşınmaz əmlakın lizinqini həyata keçirir.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz