10 yanvar 2017 12:12

Nazirlik: Ötən il qeyri-qanuni işdən çıxarılan 30 nəfər işə bərpa olunub

Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaşların müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 928 min 995 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Nazirlikdən verilən məlumata görə, həmin məbləğin 85,8%-ini gecikdirilmiş əmək haqları, 12,1%-ini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Bir sıra vətəndaş müraciətlərində isə ayrı-ayrı şəxslərin işdən qeyri-qanuni şəkildə azad edildikləri ifadə olunub. Belə müraciətlərin araşdırılması zamanı 30 nəfər işçi ilə əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi aşkar edilib və görülən tədbirlər nəticəsində həmin vətəndaşlar əvvəlki iş yerlərinə bərpa olunublar.

Qeyd olunan tədbirlərlə yanaşı, Dövlət Xidmətinin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi, əmək müqaviləsinə hansı hallarda xitam verilməsi, əməyin mühafizəsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə işəgötürənlərə ətraflı məlumatlar veriblər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin