07 yanvar 2017 11:21

Deputat: Quba Rayon Məhkəməsində baş verən hadisəni araşdırıram YENİLƏNİB

"Quba Rayon Məhkəməsinin qərarına baxmayaraq 10 yaşlı Nuray Bayramzadə hazırda xalasındadır".

Bunu Quba Rayon İcra Hakimiyyətinin (RİH) aparıcı məsləhətçi, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyev deyib.

O bildirib ki, uşağın 10 yaşı təzəlikcə tamam olub: "Düzdür, hazırda məhkəmə qərarı qüvvədədir. Amma onun 10 yaşı tamam olubsa, qanunvericiliyə uyğun olaraq fikri nəzərə alınır, yəni, yenidən məhkəməyə müraciət etmək mümkündür".

Elşad Əliyev sosial şəbəkələrdə yer alan vidoya da münasibət bildirib: "Məhkəmə qətnaməsi olubsa, onu icra etmək lazım idi. Məhkəmə qətnamə qəbul edib ki, uşaq atasında verilsin. Amma Nurayı xalasından almaq mümkün olmayıb. Sonda yenə də uşağın fikrinə uyğun hərəkət olunub, yəni, o, hazırda xalasının yanındadır".


10:14
"Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə telefonla danışdım. Hazırda məsələni araşdırıram".

Bunu "Report"a açıqlamasında 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov deyib.

O, Quba Rayon Məhkəməsinin sədri ilə danışacağını da bildirib.

Millət vəkilinin məsələyə münasibətinə gəlincə, o, bunları deyib: "Lap tutaq ki, məhkəmə qərar qəbul edib... İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına, uşağa qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayırararaq atasına verməsini özündə əks etdirən görüntülər yayılıb. Video görüntüləri sizə təqdim edirik.



Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin