Hava Limanı rekord sayda sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, bu rəqəm Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.
 
Sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşüb. 2016-ci ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşür. Populyar xarici aviaşirkətlərin beşliyinə Türk Hava Yolları, Aeroflot, S7 Airlines, FlyDubai və Qatar Airways daxil olub.
 
İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik etmişdir - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.
 
2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komiaviatrans aviaşirkətləri və Rusiyanın Pobeda lou-kosteri Azərbaycana uçuşlara  başlayıb.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
 
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti Skytrax tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.
 
 


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin