06 yanvar 2017 19:00

Azərbaycanlılar Almaniyada forum keçirəcək

Almaniyanın Köln şəhərində  Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə dünya azərbaycanlılarının Köln forumu keçiriləcək.

FED.az xəbər verir ki, assambleyadan verilən məlumata görə, forumun təşkilatçılığı üçün foruma hazırlıq komitəsi yaradılıb və bu günə qədər 42 ölkədən 250 nəfər tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Forumda bir çox beynəlxalq qurumların rəsmilərinin, Almaniya siyasi partiyaları, qeyri-hökumət təşkilatları təmsilçilərinin, bələdiyyə rəhbərlərinin, habelə Xarici İşlər Nazirliyinin,  Azərbaycan Diaspor Komitəsinin məsul əməkdaşlarının, diplomatik korpusun səlahiyyətli şəxslərinin, parlament üzvlərinin, media təmsilçilərinin iştirakı gözlənilir.

Forumun moderatoru Soyqırımları Araşdırma Fondunun rəhbəri Sefa Yürükəl olacaq. Tədbirdə “Azərbaycan-Avropa əməkdaşlığının hazırki durumu”, “Cənubi Qafqazda dondurulmuş münaqişələr və Dağlıq Qarabağ məsələsi”, “Avropada yaşayan Türkiyə və Azərbaycan qadınlarının milli mübarizədə yeri və rolu”, “Mədəniyyətlər və Dinlərarası Dialoq - Tolerantlığın Azərbaycan nümunəsi”, “Miqrasiya və inteqrasiya kimi” vacib və aktual  mövzular müzakirə ediləcək. 

Tədbirin gedişatında Azərbaycan istehsalı olan “Made in Azerbaijan” markasını daşıyan müxtəlif məhsulların  təqdimatı da nəzərdə tutulub.

Forumun sonunda iştirakçılar üçün Azərbaycan Mədəniyyət Gecəsi də keçiriləcək.

Toplantının sonunda dünya azərbaycanlılarına, beynəlxalq təşkilatlara Dağlıq Qarabağ problemi ilə bağlı müraciət qəbul olunacaq.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin